Əfqanıstanın paytaxtı Kabildə Müdafiə Nazirliyi binasının girişində həyata keçirilən iki ayrı intihar hücumunda həyatını itirənlərin sayı 25-ə yüksəlib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyindən edilən açıqlamada, paytaxt Kabildə Müdafiə Nazirliyi girişində birinci partlatmadan sonra insanların bölgədə toplanması zamanı iki nəfərin də üzərindəki bombanı partlatdığı bildirilib.
Açıqlamada ölənlərin sayının 25-ə yüksəldiyi, 92 adamın yaralandığı qeyd edilib. Həlak olanlardan altısı təhlükəsizlik işçisidir.
Əfqanıstan Səhiyyə Nazirliyinin sözçüsü İsmayıl Kavusi açıqlamasında yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu, ölü sayının artmasından narahat olduğunu vurğulayıb.
Şahidlərin sözlərinə görə, ikinci intiharcı birinci hücumdan sonra yaralılara yardım etmək üçün hadisə yerinə toplaşan xalqın arasına qarışaraq üzərindəki bombanı partladıb.
Hücumu üzərinə götürən “Taliban” hərəkatının sözçüsü Zabihullah Mücahid isə iki hücumda aralarında komandirlərin da olduğu 58 əsgərin öldüyünü iddia edib.
Modern.az