Manatın günü-gündən dəyərini itirməsi ölkədə fəaliyyət göstərən bütün sahələrə bahalaşma toxumu səpməkdədir.
Əhalinin böyük bir qismi marketlərdən, bazarlardan edilən alış-verişi yarıbayarı azaltmaq məcburiyyətində qalıb. Səbəb isə ərzaq və qeyri-ərzaq məhsullarının sürətlə bahalaşmasıdır.
İkinci devalvasiyadan sonra insanları daha çox gündəlik qida rasionunu necə və nə ilə təmin etmək maraqlandırır.
Qeyri-ərzaq məhsulları da devalvasiya ab-havasına uyğun “geyinib”. Xüsusilə, kosmetika bazarına tələbatı nəzərə alsaq, oradakı qiymətlər də ürəkaçan deyil.
Modern.az saytı manatın ucuzlaşmasının ölkənin kosmetika bazarına necə təsir etməsi ilə maraqlanıb.
“Sabina” mağazalar şəbəkəsindən bildirilib ki, məhsulların qiymətində artım müşahidə olunur.
“Devalvasiyadan sonra məhsullarımızda qiymətlər artıb. Hələ ki, ciddi alıcı qıtlığı ilə üzləşməmişik”.
“İdeal” mağazalar şəbəkəsindən də məhsulların qiymətində dəyişikliyin olması söylənilib.
“Yaxın vaxtlarda məhsulların qiymətində artım gözlənilmir. Amma ümumi olaraq devalvasiyadan sonra qiymətlərdə dəyişiklik etmək məcburiyyətində qaldıq”
“Gazelli-Gorup” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yelena Eyvazlı devalvasiyadan sonra məhsulların qiymətinin qalxması ilə bağlı səslənən fikirlərə ətraflı cavab verib. O bildirib ki, şirkətin məhsullarının qiymətində nə devalvasiyadan əvvəl, nə də sonra artım müşahidə olunmayıb.
““Gazelli Group” şirkətinin məhsullarının qiymətində nə devalvasiya zamanı, nə də ki, yaxın günlərdə heç bir dəyişiklik baş verməyib. Əksinə, şirkət öz münasib qiymət siyasətini davam etdirməkdədir. Məlumat üçün bildirək ki, araşdırmaların göstəricilərinə əsasən, Azərbaycan bazarında “Gazelli Group” şirkətinin istehsal etdiyi məhsullarının keyfiyyəti baxımından analoji olan məhsul istehsalçıları arasında belə münasib qiymət təklifi mövcud deyil. Sadəcə, bir nümunəni göstərmək kifayətdir:
"Buta" brendinin 800 ml. şampun və duş gelinin satış qiyməti 2 manat 70 qəpikdir. Halbuki şirkətimizin təklif etdiyi keyfiyyətə malik olan digər brendlərin eyni məhsullarının ( lakin ölçüsü cəmi 300 ml. olan ) qiyməti 3 manatdan başlayır. Keyfiyyətə gəldikdə isə, bildiyiniz kimi Azərbaycanın ilk və yeganə təbii kosmetika istehsalçısı olan “Gazelli Group”un istehsal etdiyi məhsulları təbii inqridiyentlərlə zəngindir, özü də bu inqridiyentlər ölkəmizin təbii nemətlərindən alınır.
17 il bazarda olan şirkətimizin istehsal etdiyi məhsullarının keyfiyyətinin baris nümunəsi olan daha bir önəmli amil odur ki, “Gazelli Group” Dünya Standartlarına Uyğun GMP sertifikatı alan nadir şirkətlərdəndir. Bununla hər bir məhsulumuz Avropa Keyfiyyəti Sertifikatı almış, eyni zamanda onlara Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Halallıq sertifikatı da verilib”.
Onun sözlərinə görə şirkət devalvasiyaya görə əhalinin cibinə uyğun olaraq yenilik də edib.
Məhz devalvasiyadan sonra Buta brendi üçün daha balaca ölçülü qutular təqdim olunub ki, istehlakçıların seçim imkanı olsun. “Buta” analoji olaraq daha da münasib qiymətlə təklif olunur. Bu brendin qənaətə təsir edən daha bir amili var: o, bütün ailə üçün nəzərdə tutulub.
“Gazelli Group” bundan sonra istehsal etdiyi məhsullarının keyfiyyətinin yüksək, qiymətlərinin isə münasib olması prinsipinə sadiq qalacaq”.
Namidə BİNGÖL