Qonşu Rusiyada qış və yay vaxtına keçidin ləğv olunması bu məsələni Azərbaycanda gündəmə gətirib. Qeyd edək ki, hər il oktyabrın və martın sonuncu bazar günü Azərbaycan Respublikası ərazisində müvafiq olaraq qış və yay vaxtına keçid reallaşdırılır. Azərbaycanda qış və yay vaxtına keçid Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli 21 saylı qərarına uyğun olaraq həyata keçirilir.
Rusiyadan sonra Azərbaycanda yay və qış vaxtına keçid ləğv edilə bilər. Modern.az-a verilən məlumata görə, Azərbaycan hökumətinin yaxın vaxtlarda bu məsələyə baxacağı gözlənilir.
Ölkəmizdə yay və qış vaxtına keçidin ləğvini Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvi Vahid Əhmədov da mümkün sayır və buna tərəfdar olduğunu vurğulayıb. Deputat saytımıza bildirib ki, saatların irəli və geri çəkilməsi sovetlərdən qalma ənənədir.
“İndi Rusiya kimi Azərbaycanda da bu məsələ aradan qaldırılmalıdır. Hesab edirəm ki, Rusiya qış və yay vaxtına keçiddən imtina etdiyinə görə, Azərbaycanda da eyni addım atılacaq. Azərbaycan vaxtilə keçmiş SSRİ-nin tərkində olduğu üçün bu sistemə qoşulmuşdu. Ancaq indi Rusiya ilə geniş əlaqələr yoxdur. Amma, biz hələ də Rusiyanın bu ənənəsindən yaxa qurtarmamışıq”.
V.Əhmədov deyib ki, saatların irəli və ya geri çəkilməsində məqsədin guya, iqtisadi artıma təkan vermək olduğu qeyd edilir. “Bolşeviklər o vaxt bu üsulu tətbiq edərkən deyirdilər ki, bu addım iqtisadi məsələlərdə yardımçı rolunu oynayacaq, iqtisadi artıma gətirib çıxaracaq”.
Millət vəkili bildirib ki, saat əqrəblərinin geri və irəli çəkilməsinə həkimlər də tərəfdar deyillər və bunun insanlarda gərginlik yaratdığı qeyd olunu. Xüsusilə ürək çatışmazlığı olan insanlar bundan daha çox əziyyət çəkir.
Qeyd edək ki, saat əqrəbinin irəli və geri çəkilməsilə bağlı ilk təklif 1880-ci ildə ingilis mühəndisi Uilyam Uillet tərəfindən irəli sürülüb. Sonradan dünyanın əksər ölkələrində bu rejim tətbiq olunub. Amma son illər saat əqrəblərinin ildə iki dəfə irəli və geri çəkilməsinin əleyhinə çıxanların sayı artıb. Və əksər ölkələrdə bu qaydanın tətbiqindən imtina olunub.
Azərbaycana qonşu Gürcüstanda 2006-cı ildən qış və yay vaxtına keçid ləğv olunub. MDB məkanında Özbəkistan, Tacikistan, Türkmənistanda da SSRİ dağılandan sonra əqrəblərin yeri dəyişdirilmir. İndi Rusiyada bundan imtina edib.
Bəzi mütəxəssislər əqrəblərin irəli və geri çəkilməsinin uşaqlar və yaşlılar arasında yuxu pozğunluğuna, stessə, ürək-damar və immun sistemində mənfi dəyişikliyə səbəb olduğunu iddia edirlər. Bu fikri Azərbaycanda da dəstəkləyən həkimlər var. Amma bunun əleyhinə çıxanlar da az deyil və onlar bildiririlər ki, yeni rejimə adaptasiya bir neçə günə mümkün olur.
Nazirlər Kabineti 1981-ci ildən indiyədək ölkəmizin ərazisində yay və qış vaxtına keçid tətbiq edir və indiyədək qaydanın ləğvi barədə müzakirələr aparılmayıb. Yalnız bir dəfə-1992-ci ildə, AXC hakimiyyəti dövründə ölkəmizdə saat əqrəblərinin yeri dəyişdirilməyib.
Modern.az