Modern.az

Möhlət Hüseynov: “Qarabağsız yaşadığım illərə heyfslənirəm”

Möhlət Hüseynov: “Qarabağsız yaşadığım illərə heyfslənirəm”

Qarabağ

9 Fevral 2011, 17:04

2009-cu ilin may ayında Dünya Azərbaycanlıları Konqresinin Ukrayna üzrə nümayəndəliyinin təsis konfransı keçiriləndə Möhlət Hüseynovun nümayəndəliyə rəhbər seçilməsi yekdilliklə dəstəkləndi.
Ukraynadakı Azərbaycan diasporunun fəallarının, müxtəlif ictimai təşkilatların nümayəndələrinin bu seçimi təsadüfi deyildi. Belə bir önəmli və ciddi təşkilatın Möhlət müəllimə etibar edilməsi onun illər boyu diaspor həyatında fəallığının, Azərbaycan-Ukrayna əlaqələrinin inkişafına verdiyi töhfələrin nəticəsi idi. Artıq bu gün Dünya Azərbaycanlıları Konqresinin Ukrayna üzrə nümayəndəliyi bu ölkədə kifayət qədər fəallığı olan qurumlardan biri kimi tanınır. Azərbaycanın adı ilə bağlı tədbirlərin təşkili, Ukraynanın ictimai həyatında fəallığı, soydaşlarımızın üzləşdiyi problemlərin həllində əməli köməkliyi, Ukraynada Azərbaycan diasporunun inkişafına maddi və mənəvi dəstəyi Möhlət Hüseynovun fəaliyyətinin əsas tərkib hissəsidir.
Möhlət müəllim eyni zamanda “Donbass Sənaye İttifaqı” korporasiyasının Azərbaycan üzrə rəsmi nümayəndəsidir. Ukraynanın ondan artıq iri metallurgiya müəssisəsini özündə birləşdirən bu böyük və çoxsahəli korporasiyada o bacarıqlı, işgüzar və səriştəli mütəxəssis kimi tanınır.

Möhlət Hüseynov 1961-ci ildə Ağdam rayonunda anadan olub. Gənclik illərində fəal ictimaiyyətçi kimi fərqlənib. Ağdam Üzüm Emalı zavodunun direktoru vəzifəsində çalışıb. Qarabağ müharibəsi başlanan gündən Ağdamın qeyrətli oğulları ilə birgə erməni təcavüzkarlarına qarşı mübarizə aparıb. Bu mübarizə bu gün də başqa bir müstəvidə davam edir.

Fevral ayında Möhlət müəllim ömrünün əllinci ilini yola salır. Yaşanmış illərindən gileyli olmayan dəyərli həmvətənimiz yalnız bir şeyə təəssüflənir: “Qarabağsız yaşadığım illərə heyfslənirəm”/

Biz də öz növbəmizdə Dünya Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü, DAK Ukrayna nümayəndəliyinin rəhbəri Möhlət Hüseynovu 50 illik yubileyi münasibətilə təbrik edir, müstəqil Azərbaycanımızın dünyada layiqincə təmsil olunması, təbliği sahəsində apardığı işlərdə ona yeni-yeni nailiyyətlər diləyir və deyirik: Qarabağda görüşənədək...


Azər Qardaşlı

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...