Qərb mediası Rusiyada keçirilən Duma seçkiləri barədə yazıb. Modern.az xəbər verir ki, hakim “Vahid Rusiya” partiyasının gözlənilən qələbəsi, səsverənlərin sayının azlığı və müxalifətin uğursuzluğu Rusiya cəmiyyətinin dərin depressiya içində olduğunun göstəricisidir.
“Financial Times” qəzeti “Putinin “Vahid Rusiya”sı seçkilərdən sonra nəzarəti əlində saxlayır” başlıqlı məqaləsində narazı seçicilərin səs verməyərək evlərində qalmağa üstünlük verdiyini yazıb.
“Bu qələbə Putinin kiçik zəfəridir. Qələbə onun üçün iqtisadi tənəzzül və nikbin xəbərlərin azlığı fonunda siyasi hakimiyyəti əlində saxlamağa qadir olduğunu göstərmək üçün vacib idi.
Bir çox müşahidəçilər və partiya rəsmləri 5 il əvvəlki seçkilərlə müqayisədə bu dəfə müəyyən müsbət məqamların olduğuna diqqət çəksə də, müstəqil müşahidəçilər gün ərzində yüzlərlə şikayət məktubu aldıqlarını bildirib.
“Qolos” hərəkatının məlumatına görə seçkilərdə “karusel” və saxta bülletenlərdən istifadə olunub.
“The Wall Street Journal” isə “Putin partiyası zəif seçici fəallığı fonunda hakimiyyətini qoruyur” başlıqlı yazısında hakimiyyətin seçkilərin demokratik fonda keçirildiyi təəssüratını yaratmaq istədiyini iddia edib.
“Bülletenlərdə “Yaşıllar” və “Rusiya Ədalət Namizə Təqaüdçülər” partiyası kimi yeni adların olmasına rəğmən Kremlə qarşı güclü müxalifətin səsi eşidilmirdi. Çünki hakimiyyətin nəzarəti altında olan telekanallar hakim partiyaya qarşı çıxanlara söz vermirdi”.
Almaniyanın “Die Welt» nəşri seçkilərdə qələbə qazanmaqla hakimiyyətini tam möhkəmləndirdiyini və insanların iqtisadi çətinliklərə baxmayaraq Putinə qarşı kəskin çıxışlar etmədiyini yazıb.
Vüqar İSMAYILOV