Rəsmi məlumatlara görə, ötən il ölkəmizdə pambıq istehsalı 35 min ton olub. Bu il əkin sahələrinin 3 dəfəyə yaxın artırılması hesabına pambıq əkilən sahələr 52 min hektara çatdırılıb. Pambıq istehsalının genişləndirilməsinin Azərbaycan üçün perspektivləri nədir?
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Modern.az-a deyib ki, hazırda dünya bazarında pambıq tələbatdan 2 dəfə artıqdır:
“Yəni o ölkələr ki, pambıq istehsalı ilə məşğul olur, onların anbarlarındakı pambıq tələbatdan 2 dəfə çoxdur.
Pambığa olan tələbat isə getdikcə azalır. Bu həm ümumi amillərlə, həm də dünyada gedən böhranla bağlıdır.
Ən çox pambıq istehsal və istehlak edən Çin də istehlakı azaldıb. Bu isə tələbatın olmaması ilə bağlıdır.
Dünyada pambıq istehsalından gəlir götürən çox ciddi “oyunçular” var. Həmin ölkələr tam müasir texnologiyalarla təmin olunublar. Elə fermerlər var ki, 1 hektardan 6 ton məhsul götürür”.
“Hələ Heydər Əliyevin vaxtında...”
Ekspert Azərbaycanda da pambıqçılığın inkişaf etdirilməsinin mümkünlüyünü qeyd edib:
“Ölkədə pambıqçılığı inkişaf etdirməzdən əvvəl bu sahə ilə bağlı elmi inkişaf etdirmək lazımdır. Özümüz torpaq, iqlim şəraitinə uyğun sortlar yetişdirməli, toxumçuluğu inkişaf etdirməliyik. Pambıqçılıqda mövcud olan problemlərin aradan qaldırılması istiqamətində işlər görməliyik. Ən əsası rəqabət mühiti yaratmalıyıq. İnzibati qayda ilə Azərbaycanda pambıqçılığı inkişaf etdirmək olmayacaq. Hələ sovet hökuməti vaxtında Heydər Əliyev buna cəhd etdi, alınmadı. Bildiyiniz kimi, o vaxtlar istehsal olunan qədər də “pripiska”ya yol verilir, rəqəmlər şişirdilirdi. Mən bunu, işlərə nəzarət edən adam kimi, tam əminliklə deyə bilirəm.
Azərbaycan hazırda ərzaq mallarına olan tələbatını ona görə ödəyə bilmir ki, taxıl, kartof istehsalı ilə bağlı lazımi addımlar atılmadı. İndiki halda nə qədər çalışsalar da, keyfiyyətli buğda, kartof istehsalı alınmır”.
“Bir-birlərini yalandan tərifləyirlər”
V.Məhərrəmovun bildirdiyinə görə, pambıqçılıq yüksək xərc tələb edən sahədir:
“Pambıq enliyarpaqlı, qidaya, suya olan tələbatı yüksək olan bitkidir. Pambığın çox sayda zərərvericiləri, xəstəlikləri, alaq otu var. Yəni, bunlara qarşı mübarizə tədbirləri yüksək xərc tələb edir.
Bununla paralel biz digər sahələri inkişaf etdirməyəcəyiksə, növbəli əkin sistemi yaratmayacağıqsa, pambıqçılığı da inkişaf etdirmək mümkün olmayacaq. Bu sahənin “mütəxəssisləri” bir-birini yalandan tərifləyirlər. 20 rayon gəzmişəm. Bütün pambıqçılıq rayonlarında olmuşam. Yığılası pambıq bitkilərinin çoxu 15 santimetr hündürlüyündədir. Çoxunu alaq otu basıb.
Azərbaycanda bazar iqtisadiyyatı inkişaf etməyəcəksə, pambıqçılığın inkişafından da danışmaq yersizdir.
Xaricdən texnika gətirilməsinə baxmayaraq, bizdə ondan istifadə edilmir. 15 santimetrlik bitkini hansı maşın yığa bilər? İnsan da yığsa, gərək o qədər əyilsin ki, o bitkini yığa bilsin.
Mən bu sahə ilə bağlı kifayət qədər səriştəm olduğu üçün deyə bilərəm ki, inzibati qayda ilə pambıqçılığı inkişaf etdirmək olmayacaq.
Bu sahəyə müasir tələblərə cavab verən alimlər cəlb olunmalı, müasir texnika, avadanlıqlarla təchiz olunmalıdır”.
Gülşən RAUFQIZI