Modern.az

Dollarla olan kreditlər silinir?

Dollarla olan kreditlər silinir?

22 Sentyabr 2016, 12:24

Son günlər kredit borclarının bağışlanacağı ilə bağlı xəbərlər yenidən ictimai müzakirələrin gündəmindədir. Modern.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov məsələ ilə bağlı yaranan suallara aydınlıq gətirib.

Kredit borcları bağışlana bilərmi? Bununla bağlı rəsmi qərarın olması ehtimalları yüksəkdirmi? Kredit borclarının bağışlanması hansı formada maliyyələşdirilə bilər?

 

Ekspert deyib ki, nəzəri və praktik baxımdan müəyyən kredit borclarının bağışlanması mümkündür:

“Təbii ki, söhbət heç də bütün borcların bağışlanmasından getmir. Hələ birinci və eləcə də sonuncu devalvasiyadan sonra hazırladığım təkliflər paketində 3 növ kredit güzəşti təklif etmişdim:

1. Kredit portfelinin yenidən qiymətləndirilməsi aparılsın və ailə başçısını itirən, işləmək qabiliyyətindən mərhum olan və eləcə də dünyasını dəyişən şəxslərə kredit amnistiyası tətbiq edilsin;
2. 5 min dollaradək olan kreditlərdə ödəniş məzənnəsi 1 dollar 1.05 manat kursu ilə hesablansın;
3. 5 min dollardan çox və 10 min dollardan az olan kreditlər üçün ikinci devalvasiya nəticəsində yaranan fərq üç tərəfli olaraq dövlət, bank və müştəri arasında bölüşdürülsün.

Birmənalı şəkildə, təklif edilən mexanizm üzrə kreditlərə güzəştin verilməsi yalnız vətəndaşlar üçün deyil, eləcə banklar üçün vacibdir. Bu problemli kreditlərin həcminin azalmasına və bankların sağlamlaşdırılmasına yardım etmiş olar”.

 

 

Kredit güzəşti və ya amnistiyası ilə bağlı qərarın olub-olmayacağına gəldikdə isə V.Bayramov deyib ki, bu, dövlət qurumlarının səlahiyyətində olan məəslədir:

“Bu daha çox Mərkəzi Bankla Maliyyə Nazirliyinin anlaşmasından asılı olacaq. Maliyyə Bazarlarında Nəzarət Palatası heç şübhəsiz bu iki qurumun anlaşmasını dəstəkləyəcək. Ona görə də, sözügedən maliyyə-kredit qurumları məhz bu məsələ ilə bağlı qərar vermək səlahiyyətinə malik olduqları üçün hansı qərarın olacağı ilə proqnoz vermək mümkün deyil.

Güman edirəm ki, kreditlərə güzəştin verilməsi ilə bağlı maliyyə imkanları var. Əvvəl də qeyd etdiyim kimi, problemli aktivlərin və eləcə də kreditlərin sağlamlaşdırılması proqramı qəbul etməklə bunu reallaşdırmaq mümkündür. Bu zaman kreditlər güzəştlərin tətbiq edilməsi və eləcə də sağlamlaşdırma tədbirləri mərhələli şəkildə həyata keçirildiyi üçün Mərkəzi Bank üçün ciddi əlavə maliyyə öhədliyi yaratmayacaq”.

 

Gülşən RAUFQIZI

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir