Azərbaycanın Kanadadakı Səfirliyinin Birinci katibi Arif Məmmədov Ottava Universitetinin tələbələri qarşısında Ermənistan-Azərbaycan münaqişəsi haqqında təqdimatla çıxış edib. Səfirlikdən Modern.az saytına verilən məlumata görə, təqdimat 2016-cı ilin payız semestrində Ottava Universiteti Sosial Elmlər Fakültəsi tərəfindən sentyabrın 6-dan dekabrın 8-dək təşkil edilən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı dərs proqramı çərçivəsində təşkil edilib. Təqdimat bakalavr pilləsinin 4-cü kursunda təhsil alan 25-30 tələbənin qarşısında baş tutub.
Təqdimat çərçivəsində kanadalı tələbələrə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin Ermənistan tərəfindən işğalı, işğal edilmiş ərazilərdə etnik təmizləmənin aparılması, həmin ərazilərdə hal-hazırda davam edən qeyri-qanuni məskunlaşdırma və iqtisadi fəaliyyətin həyata keçirilməsi, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının, Avropa Şurası Parlament Assambleyasının münaqişə üzrə qətnamələri, ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan vasitəçilik missiyası, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə çıxardığı hökm barədə ətraflı məlumat verilmiş, eyni zamanda Dağlıq-Qarabağ regionunun birtərəfli ayrılma cəhdləri beynəlxalq hüquq nöqteyi-nəzərindən qiymətləndirilib.
Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.
Modern.az