Modern.az

“Zərif imzalar”ın təqdimatı keçirildi

“Zərif imzalar”ın təqdimatı keçirildi

Qarabağ

15 Fevral 2011, 14:49


Bu gün “Park İnn” mehmanxanasında “Azercell Telekom” MMC-nin dəstəklədiyi və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası müəllifliyi ilə nəşr olunan “Zərif imzalar” kitabının təqdimatı olub.
Modern.az-ın məlumatına görə, "Zərif imzalar" ensiklopediyası dünyada ən ağır və məsuliyyətli sənətlərdən biri olan jurnalistikanın qadın nümayəndələrinə həsr olunub.

Azərbaycanın xanım jurnalistlərinin fəaliyyətindən bəhs edən bu toplu Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova tərəfindən tərtib olunub. Onun sözlərinə görə, ensiklopediyada Azərbaycanın  tanınmış ziyalıları, imzası ilə cəmiyyətdə tanınan xanımlar – baş redaktorlar, naşirlər haqqında informasiya yer alıb. Kitabın hazırlanmasında məqsəd Azərbaycan mətbuatının zərif imzalarını beynəlxalq aləmdə tanıtmaq və eyni zamanda yetişən nəsli bu kitabın köməkliyi ilə cəmiyyətə örnək olan xanımların fəaliyyəti ilə tanış etməkdən ibarətdir. 

O, vurğulayıb ki, “Azercell Telekom” MMC bu nəcib təşəbbüsü dəstəklədiyinə görə, toplunu qısa müddətdə hazırlamaq mümkün olub və hətta "Zərif imzalar"ın ikinci cildi də çapa hazırlanır. Artıq Amerika, Türkiyə, London kitabxanalarının hər birinə “Zərif imzalar”ın 20 nüsxəsi hədiyyə olunub. Yaxın günlərdə isə ensiklopediya Amerika universitetlərinin kitabxanalarına da hədiyyə olunacaq.

Təqdimatda çıxış edən “Azercell Telecom” MMC-nin mətbuat məsələləri üzrə eksperti Fəxri Abbasov belə bir layihənin reallaşdırılması təklifinin ilk dəfə 2009-cu ildə keçirilən Azərbaycan Qadın Jurnalistlər Forumunda irəli sürüldüyünü xatırladıb. Daim belə maarifləndirici təşəbbüslərin tərəfdarı olan “Azercell” şirkətinin bundan sonra da, xalqımızın savad və biliyinin artırılmasına, Azərbaycanın dünyada tanınmasına xidmət edəcək layihələrə dəstək olacağını vurğulayıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...