Bu gün “Mübariz Əhmədoğlu ilə Qarabağ saatı” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri (SİTM) Mübariz Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti təhlil edib.
M.Əhmədoğlu bildirib ki, Dağlıq Qarabağ probleminin dinc yolla tənzimlənməsi üçün yeni imkanlar yaranıb. Onun sözlərinə görə, Azərbaycanın qarşısında dayanan əsas vəzifələrdən biri İranı bu prosesdən uzaqlaşdırmaqdır: “İranın Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakı məqsədəuyğun deyil. Buna görə də, Azərbaycan İranın Dağlıq Qarabağ məsələsinə kömək etmə ehtimalını rəsmən inkar etməlidir. Münaqişəsinin tənzimlənməsinə yardım etmək istəyənlərin çəkindiyi məsələlərdən biri də ondan ibarətdir ki, problemi onlar həll etdiyi halda, Azərbaycan bu faydalı neməti Türkiyə və İranla bölüşəcək; Türkiyə və İranı da bura şərik edəcəkdir. Ona görə, ümumi halda Dağlıq Qarabağ məsələsində köməkdən imtina etmək prosedurası münaqişənin tənzimlənməsi prosesinə yeni stimul verə bilər. Azərbaycan bu günədək Dağlıq Qarabağ məsələsində İrandan ziyan görmüşdür: Şuşanın itirilməsində İran iştirak etmişdir. 20 ilə yaxın vaxtın keçməsinə baxmayaraq, İran Şuşanın Azərbaycana qaytarılması istiqamətində heç bir addım atmamışdır. Əksinə, ermənilərin mövqeyini möhkəmləndirməklə məşğul olmuşdur. Reallıqda isə təkcə Şuşa məsələsini deyil, ümumilikdə Dağlıq Qarabağ məsələsini həll etmək üçün İrana illərlə yox, saatlarla ölçülən vaxt lazımdır. Niyə İran Azərbaycanın hərbi birləşmələrinin bu ölkənin ərazisindən keçməklə Dağlıq Qarabağa daxil olmasına imkan vermir?”
Politoloq ATƏT-in Minsk Qrupunun fəaliyyətinə də münasibət bildirib. Qeyd edib ki, ATƏT-in Minsk qrupu bir tərəfin mövqeyini dəstəklədiyinə və uzunmüddətli şərəfsizliyinə görə Ginnesin rekordlar kitabına daxil edilməlidir: “Hazırladığı sənədi qəbul etməyən, monitorinq missiyasının nəticəsini açıqlamağa imkan verməyən Ermənistana vasitəçilərin xoş münasibət göstərməsi vasitəçilik missiyası üçün ən böyük təhqirdir. Görünür, vasitəçilərin fikrincə, Ermənistan ən yaxşı təhqirçidir. ATƏT Minsk Qrupu vasitəçidən daha çox notarial kontora bənzəyir. SSRİ-nin dağılması ilə bağlı tərtib olunmuş sənədləşməni izləyir, zaman-zaman baş verən dəyişiklikləri qeydə alır. Dağlıq Qarabağ məsələsi üzrə Ermənistan və Azərbaycan arasında dəyişiklik olmadığı üçün qeydə almağa da bir şey yoxdur”.
SİTM sədri deyib ki, hadisələrin inkişafı beynəlxalq aləmdə Ermənistanın mövqeyinin zəiflədiyini düşünməyə əsas verir. Onun qənaətinə görə, Ermənistanın Rusiyanı neytrallaşdırmaq imkanları tükənib: “S.Sərkisyanın Moskvaya gözlənilən səfəri hələ başa tutmayıb. O, Medvedyevlə ancaq telefonla danışa bilir. Medvedyev Sərkisyanı ancaq Azərbaycan Prezidenti ilə birgə qəbul edəcəkdir. Hesab edirəm ki, üç prezidentin iştirakı ilə baş tutan görüşdə ciddi nəticə əldə oluna bilər”.
M.Əhmədoğlu bildirib ki, Ermənistanın Şimali Qafqazdakı fəaliyyəti Rusiyanın Qafqazdakı mövqelərini zəiflətməyə xidmət edir: “Qərbdə elə bilirdilər ki, Rusiya bu regionun lideridir. Amma Ermənistan Kremlin Dağlıq Qarabağ problemi ilə bağlı irəli sürdüyü bütün təklifləri rədd etməklə Rusiyanı nüfuzdan saldı. Nəticədə Rusiyaya münasibət dəyişdi, bu ölkənin imici zədələndi. Serj ant Sərkisyan hətta Kremldə də aravurmaqla məşğuldur. O, Medvedyevlə Putin arasında söz gəzdirməklə Rusiyanın diqqətini Dağlıq Qarabağ məsələsindən yayındırmağa çalışır. Nəhayət, Rusiya Ermənistanın iç üzünü görməli, bu ölkəyə münasibətdə ortaya siyasi iradə qoymalıdır”.
Modern.az