Qədim tarixə, mədəniyyətə, adət-ənənələrə malik olan Azərbaycan rayonları müxtəlif xüsusiyyətlərilə bir-birindən fərqlənir. Rayonlarımız ayrı-ayrılıqda nəyiləsə tanınırlar.
Modern.az saytı qərara alıb ki, “Rayonlarımız nəyi ilə tanınır” sualı ilə cəmiyyətimizin müxtəlif sahələrinin nümayəndələrinə müraciət etsin. Yəni filan rayonun adı çəkiləndə ilk yada düşən nə olur...
“Daşkəsən rayonu deyəndə ilk yada düşən nə olur” sualı ilə cəmiyyətdə müxtəlif safələrdə tanınmış insanlara müraciət etdik.
“525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, milət vəkili Fərəc Quliyev, şair Əkbər Qoşalı və Liberal partiyasının sədri Əvəz Temirxan, iqtisadçı jurnalist Pünhan Əfəndiyevin cavablarını tədim edirik...
“Daşkəsən deyəndə hündür binaları xatırlayıram”
“525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid bildirib ki, Daşkəsən rayonun adı çəkiləndə hündürmərtəbəli binaları xatırlayır: “İlk dəfə ötən əsrin 90-ci illərdə Daşkəsənə gedəndə gecə vaxtı idi. Gecənin qaranlığında sıra ilə düzülmüş beşmərtəbəli binalar mənə böyük göydələnlər kimi görsənirdi”.
Baş redaktor deyir ki, bundan 8 il sonra jurnalist dostları ilə birgə Amerikaya gedib: “Çikaqo şəhərinə daxil olanda, ordakı göydələnləri görəndə Daşkəsən rayonunu xatırladım”.
YB-nin katibi qeyd edib ki, Daşkəsən rayonu sovet dövründə daha çox metal, filiz mədənləri ilə xatırlanırdı: “Daşkəsəndən fudbolçu dostum var idi, onu xatırlayıram. Xoşbulaq yaylağını xatırlayıram. Qohumlar hərdən Daşkəsənə gedəndə deyirlər ki, oranın dağları, bulaqları Laçını xatırladır”.
Daşkəsən rayonunun insanlarının hansı xüsusiyyətləri ilə Azərbaycanın digər rayonlarının insanlarından fərqləndiyinə gəlincə, R.Məcid deyib ki, bu barədə fikir söyləmək üçün rayondan kifayət qədər insan tanımır: “Mən Daşkəsəndən çox insan tanımıram ki, onların xarakterlərini ümumiləşdirib nəsə deyim. Bir-iki nəfər tanıyıram, onların da xarakterləri fərqlidir”.
Bununla belə R.Məcid bildirib ki, Daşkəsən rayonunun insanları o bölgənin təbiətinə uyğun olaraq saf, cəsarətli, məğrur və düz insanlardır.
“SSRi dönəmində ən böyük filiz yataqları bu rayonda olub”
İqtisadçı jurnalist Punhan Əfəndiyev hesab edir ki, Daşkəsən daha çox dəmir filizləri, alinut yataqları ilə tanınır: “Hələ sovet dövründən bu rayonda alinut dağları olub. Xammalı burdan cıxarıb, aparırdılar”.
Hər il bal yarmarkasında bu rayonun balını aldığını deyən iqtisadçı jurnalistin fikrinə görə, öz yüksək keyfiyyəti ilə secilən Daşkəsən balı da bu rayonu ona xatırladır: “Daşkəsən SSRİ dönəmində ən böyük filiz yataqlarına mailk rayon olub”.
Daşkəsənlilərin hansı xüsusiyyətinə görə fərqləndiyinə gəlincə, həmsöhbətimiz bildirib ki, bu rayonun insanları ilə çox ünsiyyətdə olmayıb. Ancaq ümumilikdə deyə bilər ki, buranın insanları saflığı ilə seçilir.
“İlk ağlıma gələn elə Azərbaycanın özü olur”
Milət vəkili Fərəc Quliyev bildirib ki, Daşkəsən deyəndə ilk olaraq ağlına elə Azərbaycanın özü gəlir: “Daşkəsən rayonu deyəndə uşaqlıq xatirələri ilə bağlı olaraq mədənçilik yadıma düşür”.
Bu rayonun insanları hansı xüsusiyyətinə görə, digər rayonların sakinlərindən fərqlənlər? Millət vəkili bildirib ki, o, Azərbaycanı bölgələrə bölmür, bütün rayonların insanları onun üçün eynidir. “Daşkəsən rayonunun insanlarını fərqləndirən hər hansı xüsusiyyət yoxdur”.
“Faydalı qazıntıları ilə tanıyıram”
Şair Əkbər Qoşalı isə bildirib ki, Daşkəsən rayonu deyəndə ilk olaraq yadına faydalı qazıntılar və turizim üçün münbit şəraiti olan bölgə düşür.
Daşkəsənin insanları necə, hansısa xüsüsiyyətilərnə görə fərqlənirmi? Əkbər Qoşalı: “Əgər inansaq ki, təbiət insanların xarakterinə təsir edir, bu baxımdan deyə bilərəm ki, Daşkəsənin insanları orarının bulaqları kimi saf olmalıdır”.
“İstəmirəm əsən külək Azərbaycan torpağının tozunu başqa ölkələrə aparsın”
Liberal Partiyasının sədri Əvəz Temirxan isə deyib ki, o rayonbazlığın tam əleyhinədir: “Azərbaycanın hər bir qarışı mənim üçün doğma və eynidir. Azərbaycanın hər bir daşı, torpağı, hətta tozu da mənim üçün eynidir. Mən bu torpaq məsələsində olduqca qısqancam. Hətta külək əsəndə belə istəmirəm ki, Azərbaycana məxsus toz başqa ölkələrə keçsin”.
Müsahibimiz hesab edir ki, Daşkəsən rayonu maldarlıq, Alban dövrünə məxsus tarixi adidələri ilə də onun yaddaşındadır.
Rayon insanlarına gəlincə, Ə.Temirxan bildirib ki, bu rayonun insanları çox saf olur: “Daşkəsən, Gədəbəy rayonu demək olar ki, eynidir. Daha çox Gədəbəy rayonundan insanlarla ünsiyyətdə olmuşam. Ümumiyyətlə, dağ rayonunun insanları saf, həmrəy, səmimi olurlar. Çünki, onlar saf mühitdə formalaşırlar”.
Sədaqət SÜLEYMANOVA