Azərbaycanlı biznesmen Salman Nəbiyevi qətlə yetirməkdə ittiham olunan mütəşəkkil cinayətkar dəstə üzvlərinə oktyabrın 11-də Rostov-Donda hökm oxunacaq. Modern.az xarici mediaya istinadən xəbər verir ki, ermənilərin də üzvü olduğu dəstəyə Kuban qanunverici məclisinin keçmiş deputatı Sergey Zirinov rəhbərlik edib.
Zirinov və dəstənin digər üzvləri qətllərdə, silah dövriyyəsində və quldurluqda ittiham olunurlar.
İstintaqın versiyasına görə, 1999-cu ildə Zirinov və Ambartsum Eyriyanın rəhbərliyi ilə (qiyabi həbs olunub, beynəlxalq axtarışdadır) cinayətkar qruplaşma yaradılıb. Bu dəstəyə sonrakı müxtəlif mərhələdə məhkəmə əməkdaşı Aleksandroviç, keçmiş milis işçisi İqor Nexaenko, Aslanyan, Paladyan, Amar Suloev, Tilqerov, eləcə də Dmitri Sapojnikov və Andrey Miroşnikov da qoşulublar.
İstintaq hesab edir ki, “Zirinov” qruplaşmasının iştirakçıları 2002-ci ildə Anapda “Malaya buxta” (“Kiçik liman”) sanatoriyasının baş direktoru Vitali Sadovniçevi və onun həyat yoldaşı Olqa İvankinanın, 2004-cü ildə Novorossiyskdə azərbaycanlı bisnesmen Salman Nəbiyevi öldürüblər, 2013-cü ildə yerli kazak icması atamanının müavini, iş adamı Nikolay Nesteronkoya hücum ediblər, bu zaman onun sürücüsü Viktor Juk qətlə yetirilib.
İttiham tərəfinin fikrincə, bütün qətllər tamah məqsədilə törədilib.
Modern.az