Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi bəyanat yayıb. Modern.az-ın məlumatına görə, bəyanatda bildirlib:
- Azərbaycan Respublikası Prezidentinin Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışı, Azərbaycan Respublikası Korupsiyaya Qarşı Mübarizə Komissiyasının son iclasında səslənmiş fikirlər korrupsiyaya qarşı mübarizə sahəsində yeni hədəflərin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Korupsiyaya Qarşı Mübarizə Komissiyasının son iclasında rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması, sahibkarlığın inkişafı üçün daha əlverişli şəraitin yaradılması, əsassız yoxlamalara son qoyulması ilə bağlı səslənmiş fikir və mülahizələr dövlət orqanlarının korrupsiyaya qarşı mübarizə ilə bağlı fəaliyyətinə yeni impuls verilməsi nöqteyi-nəzərindən ictimaiyyət tərəfindən təqdir olunur. Son günlər korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində atılan addımlar vətəndaş cəmiyyəti institutları tərəfindən də dəstəklənir.
Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi yeni təşəbbüsləri Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərin, institusional təsisatların, qanunvericilik bazasının yaradılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, vətəndaşların məlumat almaq imkanlarının genişləndirilməsi sahəsində normativ aktların qəbul edilməsi, vətəndaş cəmiyyəti institutları ilə tərəfdaşlıq istiqamətində atılmış addımların davamı kimi qiymətləndirir.
Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi dövlət orqanlarının korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini dəstəkləməklə yanaşı bu prosesin davamlı olacağını va qanunçuluq çərçivəsində aparılacağına ümid edir.
Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi hesab edir ki, korrupsiya hüquqpozmalarına görə, ayrı-ayrı şəxslərin məsuliyyətə cəlb olunması ilə yanaşı, bu addımlar institusional islahatlarla müşaiyət olunmalı, vətəndaş cəmiyyəti instututları ilə daha sıx əməkdaşlıq istiqamətində təşəbbüslər edilməlidir. Dövlət orqanları korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirərkən və Şəffaflığın artırılması və korrupsiyaya qarsı mübarizə üzrə Milli Strategiyada bəyan edilmiş prinsipləri, yerli və beynəlxalq təşkilatların bir sıra tövsiyyələrini rəhbər tutmalı və bu zaman əsas insan hüquq və azadlıqlarına ziyan vuran addımlardan çəkinməlidirlər.
Şəbəkə həmçinin hesab edir ki, korrupsiyaya qarşı mübarizə həm də normayaradıcılığı sahələrini əhatə etməlidir. Bu baxımdan Milli Məclisə daxil olan layihələrin ilkin antikorrupsiyon ekspertizasının keçirilməsi və bu ekspertizada ixtisaslaşmış QHT nümayəndələrinin və ekspertlərin iştirakı təmin olunmalıdır.Hesab edirik ki, vətəndaş cəmiyyəti üzvləri, biznes strukturları, siravi vətəndaşlar, bir sözlə bütün ictimaiyyət korrupsiya ilə mübarizəyə cəlb edilməli, onların rəyləri və fikirləri öyrənilməlidir.