Gənclər Təşkilatları Milli Şurası (GTMŞ) yaranmasının 15 illik yubileyi münasibəti ilə 17 fevral 2011-ci il tarixdə «Gülüstan» Sarayında təntənəli tədbir keçirilib.
Modern.az-ın məlumatına görə, tədbirdə Milli Şuranın sədri, millət vəkili Fuad Muradov bildirib ki, Gənclər Təşkilatları Milli Şurasının 15 illik fəaliyyətinin Azərbaycan cəmiyyətində xüsusi rolu var.
“Bu gün Milli Şuranın həyata keçirdiyi layihələr, proqramlar əsasən gənclərə və cəmiyyətdə onları narahat edən məsələlərin həllinə yönəlib. Hazırda Şuranın üzv təşkilatları bütün bölgələrdə fəaliyyət göstərir. Gənclər Təşkilatları Milli Şurası bu gün Avropa Gənclər forumunun tam hüquqlu, BMT-in iqtisadi-sosial şurasının məşvərətçi hüquqlu üzvüdür. İslam Konfransı Gənclər forumunun təsisçisi və ən aktiv üzvüdür. «Azərbaycan gənclərinin, o cümlədən Milli Şuranın qarşısında hazırda duran ən vacib məsələ ölkəmizin ərazi bütövlüyü istiqamətində atılan addımlardır. Milli Şura ölkə prezidenti İlham Əliyevin siyasətinə sadiq olaraq bu istiqamətdə Azərbaycan reallıqlarını beynəlxalq aləmə çatdırır”.
F.Muradov həmçinin bu illər ərzində Milli Şuranı dəstəkləyən və işləyən qurumlara öz təşəkkürünü bildirib.
«Mən inanıram ki, gələcəkdə də Milli Şura öz bayrağını uca tutacaq. Bu günədək təşkilatın qorunub saxlanması böyük bir iş idi və bundan sonra da bu iş gənc nəslin üzərinə düşür. Milli Şuranın 15 il ərzində əldə etdiyi uğurlar təkcə bizim deyil bütün Azərbaycanın uğurudur».
Daha sonra Milli Şuranın tarixi və fəaliyyətini əks etdirən filmin qısa versiyası nümayiş olunub, filmin tam versiyası İctimai Televiziya vasitəsilə yayımlanacaq.
Tədbirdə çıxış edən baş nazirin müavini Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov gəncləri təbrik ediblər.
Rəsmilərin çıxışlarında bildirilib ki, Milli Şuranın fəaliyyətini tənzimləyən gənclərin arasından ölkəmiz üçün dəyərli olan siyasi liderlər yetişib. Milli Şuranın sədrləri, üzvləri bu gün dövlət qurumlarında, parlamentdə və digər yerlərdə təmsil olunurlar. Bu məktəb hazırda öz fəaliyyətini davam etdirir və ölkə gənclərinin maraqlarını ifadə edir. Gəncləri dəstəklədiklərinə görə Əli Həsənov, Azad Rəhimov mükafatla təltif olunublar.
Sonra İslam Konfransı Gənclər Forumunun təbrik məktubunu oxumaq üçün Forumun baş katibi Elşad İsgəndərov çıxış edib. E.İsgəndərov bildirib ki, Milli Şura artıq formalaşmış bir təşkilatdır. Bu həm də dövlət siyasətinin bir hissəsidir.
Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumunun təbrik məktubunu Milli Şuranın Beynəlxalq əlaqələr üzrə Katibi Nail Abdulov oxuyub.
Tədbirdə həmçinin Milli Şuranın fəaliyyəti dövründə daim gənclərlə birlikdə olduqlarına görə Milli Şurada çalışmış bir sıra şəxslər mükafatlandırılıb.
Milli Şuraya üzv olan təşkilatlar, Kütləvi İnformasiya Vasitələri 15 illik yubiley münasibəti ilə Şura tərəfindən mükafata layiq görülüb.
Tədbir konsert proqramı ilə davam edib.
Modern.az