Modern.az

Müsavat Partiyası 100 yaşında nəyə ümid edir?

Müsavat Partiyası 100 yaşında nəyə ümid edir?

19 Fevral 2011, 18:00

Fevralın 19-da Bakının Nizami rayonundakı «Təbriz» kinoteatrında Müsavat Partiyasının 100 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbirdə Azərbaycanın və Müsavatın himni oxunub. Mərasimdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, İctimai Palatanın üzvləri, ziyalılar, jurnalistlər və digər ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Tədbirdə çıxış edən Müsavat başqanı İsa Qəmbər 2011-ci ilin “Müsavat ili” elan olunduğunu xatırladıb və partiyanın tarixindən danışıb: “Bu gün adi günlərindən biri olsa da, biz bu tarixdə partiyanın yaradılmasının yüz illiyini qeyd etməklə cəmiyyətə bir mesaj göndəririk. İlin bütün günləri partiyanın yaranma günü kimi qeyd oluna bilər. Müsavat Azərbaycana bayraq, himn, gerb kimi müqəddəs atributları verməklə yanaşı, demokratik bir ideyanın yaranmasında da böyük rol oynayıb. Bizim partiya hər zaman digər partiyalarla, təşkilatlara müttəfiq olub, heç vaxt tək fəaliyyət göstərməyib”.
İsa Qəmbər də bu il dəyişikliklərin olacağından danışıb: "Biz Azərbaycanı dəyişəcəyik. Dünyada böyük bir dəyişim dövrü başlayıb. Yeni bir mərhələ başlayıb".

Mərasimdə partiyanın yaradılmasına həsr olunan videosüjet nümayiş olunub. Müsavat irsini araşdıran alim Nəsiman Yaqublu, tarixçi Cəmil Həsənli partiyanın tarixindən danışıblar. AXCP sədri Əli Kərimli və AXP lideri Pənah Hüseyn çıxış edərək partiyanın yaranması münasibəti ilə tədbir iştirakçılarını təbrik ediblər. Mərasimdə Müsavat Partiyasının yubileyinin dövlət səviyyəsində qeyd olunmasının vacibliyi də vurğulanıb.

 Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu