“Elçin ATV-dən mənə görə getməyib, akademik məzuniyyətdədir. May ayından telejurnalist fəaliyyətini davam etdirmək niyyətindədir. O ki qaldı ”SOY"un ATV ilə əməkdaşlığına, mənim verilişim ATV-də bu gün də nümayiş olunur. “SOY” müstəqil şirkətdir, istənilən telekanalla əməkdaşlıq edə bilər. Bizim bu telekanalla münasibətimizin korlanması cəfəngiyyatdır".
Bunu “Yeni Müsavat”a açıqlamasında “SOY production”un vitse-prezidenti Oqtay Əliyev bildirib. Qeyd edək ki, ATV telekanalının keçmiş bədii rəhbəri Elçin Əlibəylinin işdən azad olunmasında qardaşı Oqtay Əliyevlə ATV rəhbərliyinin münasibətlərinin pozulmasının da rol oynadığı ehtimal edilir. Münasibətlərin pozulmasına isə “SOY”un başqa telekanalla əməkdaşlıq niyyətinin səbəb olduğu bildirilir.
Xatırladaq ki, E.Əlibəyli “Yeni Müsavat”a ATV-dən uzaqlaşdırılmadığını və elmi fəaliyyəti ilə əlaqədar akademik məzuniyyətə buraxıldığını bildirib. Qardaşının fikirlərini təsdiqləyən O.Əliyev “SOY” şirkətinin bundan sonrakı fəaliyyətindən də danışıb və bildiribki, yeni layihələrini ATV vasitəsilə reallaşdırmaq niyyətindədir:
“Yeni layihələr üzərində işləyirik. Apreldən etibarən telekanallarda verilişlərin tamaşaçıları azalır. Əgər bu mövsümə çatdırsaq, yeni verilişimiz efirə çıxacaq, əks təqdirdə sentyabra qalacaq. Yeni serial çəkilişinə də başlamışıq. Təbii ki, bunlar ATV-də nümayiş olunacaq. Digər tərəfdən, başqa telekanallarla əməkdaşlığımız da istisna deyil”.
Onu da bildirək ki, E.Əlibəylinin bir tədbirdə “Sarı gəlin” mahnısını erməni dilində zümzümə etməsi də mətbuatın gündəmini məşğul edən mövzulardan biridir. E.Əlibəylinin qardaşının həyat yoldaşı, aktrisa Dilarə Əliyeva onun müdafiəsinə qalxaraq “Elçini günahlandıran insanlar onunla debata gəlsinlər” deyib:
“Heç kim yazmır ki, Elçin məclislərin birində ”Sarı gəlin"i ermənilərin necə təhrif etdiyini deyib. Elçin deyib ki, ermənilər onlarda muğam olmaya-olmaya bizim “Sarı gəlin” mahnısını götürüb bəsit cümlələrlə bayatı halına salıb və “Sarı gəlin” mahnısını oxunanda bu mövzuya toxunub. Bunu da bu şəkildə qələmə veriblər, əvvəlini-axırını silib, ortadan çıxarış edib, mətbuata bu şəkildə sızdırıblar". D.Əliyeva qaynının haqlı tənqidlərə görə hədəfə məruz qaldığını bildirib.
E.Əlibəyli ATV-dən getməsinin səbəbini belə izah edib: “Son aylar mənə qarşı o qədər hücumlar olub, o qədər hədyanlar yazılıb ki, bir insan kimi vallah canımdan bezmişəm. Haqqımda nələr yazmadılar. Hər kəsə məlumdur ki, mən elmi işlə məşğulam. 3 ildir ki, televiziya ilə bağlı - jurnalistika, aparıcılıq, rejissura, prodüser işi ilə bağlı fundamental elmi iş üzərində işləyirəm. Elmlər Akademiyasında elmi fəaliyyətimin müddəti bitdiyinə görə, yenidən imtahan verməliydim və s. Buna görə də dəfələrlə ATV rəhbərliyindən xahiş etmişdim ki, elmi fəaliyyətimə görə məni işdən buraxsınlar. İşdən getməyimin səbəbi sırf elmi fəaliyyətimlə bağlıdır. Bu səbəbdən fevralın 7-də rəsmi ərizə ilə ATV rəhbərliyinə müraciət etdim və öz hesabıma məzuniyyətə buraxıldım. Elmi işim mayda bitəcək və bununla bağlı yeni kitabım işıq üzü görəcək”.
E.Əlibəyli telejurnalist fəaliyyətini davam etdirmək niyyətində olduğunu bildiri:b “Telejurnalist fəaliyyətimi davam etdirəcəm, bu, ATV də ola bilər, başqa telekanal da”.
Telejurnalist “Sarı gəlin” mahnısını ermənicə ifa etməsi ilə bağlı ittihamlara belə cavab verib: “Ən azı məni tanıyan adamlar bilir ki, mahnı oxumuram. Mətbuat sahəsində işləyən böyük əksəriyyət məni tanıyır və millətçi mövqeyimdən xəbərdardılar. Sadəcə, bir məsələni demək istəyirəm: cəmiyyətimizdə sağlam tənqid qəbul olunmur, bu səbəbdən də mənim tənqidimdən xoşlanmayanlar əleyhimə çıxırlar, vəssalam”.
Bəiz məlumatlara görə, E.Əlibəyli “SOY-production”un vitse-prezidenti, qardaşı Oqtay Əliyevin güdazına gedib. Belə ki, ATV-nin bağlanması ilə bağlı xəbərlərdən sonra O.Əliyevin başqa bir telekanalla - "Space" ilə kontrakt bağlayacağını bildirməsi ATV rəhbərliyinə çatdırılıb ki, bu da Əlibəyli qardaşlarının telekanalla işbirliyində problemlər yaradıb. ATV-də baş verənlərin gerçək mahiyyəti isə hələ də ictimaiyyətdən gizlədilir.
Modern.az