Bu gün Azərbaycan Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının iclası keçirilib. Toplantını açan komissiya sədri, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iclasın gündəliyini elan edib. Gündəliyə on məsələnin daxil edilməsi razılaşdırılıb.
Birinci məsələ ilə əlaqədar məlumat verilib ki, «Gündəm xəbər» qəzeti MŞ-nin «qara siyahı»sında yer alan nəşrlərdən olub. Milli mətbuatımızın 135 illik yubileyi ilə bağlı siyahıdakı nəşrlərin müəyyən qismi oradan çıxarılarkən bu mətbu orqana da etimad göstərilib. Lakin «Gündəm xəbər» ötən müddətdəki fəaliyyəti ilə media dəyərlərinə etinasız yanaşmaqdadır. Mətbuat Şurasına qəzetdə gedən materiallarla əlaqədar çoxsaylı haqlı müraciətlər daxil olmaqdadır. Buna görə də nəşrin yenidən «qara siyahı»ya qaytarılması məsələsi aktuallaşıb. Komissiya üzvləri «Gündəm xəbər»lə bağlı MŞ-yə ünvanlanan son müraciətləri araşdıraraq belə rəyə gəliblər ki, bu kütləvi informasiya vasitəsinin adının «qara siyahı»ya salınması barədə Mətbuat Şurasının İdarə Heyətinə müvafiq təqdimat ünvanlanmalıdır.
İclasda müzakirə edilən ikinci məsələ «Bütöv Azərbaycan» qəzetinin Şuraya ünvanladığı müraciət olub. Sənəddə bildirilib ki, bəzi mətbu orqanlar bu nəşrin adından sui-istifadə etməkdədirlər. Məsələni ətraflı araşdırmaq üçün komissiya üzvlərinə müvafiq tapşırıqlar verilib.
İclasda həmçinin daha 8 məsələ ilə bağlı araşdırmaların davam etdirilməsi razılaşdırılıb. Modern.az