Bu gün Gəncliyə Yardım Fondunda Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, Gəncliyə Yardım Fondu və 149 saylı Ağdam köçkün orta məktəbinin birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı-Qan rəngində ağ gecə” adlı ədəbi-bədii tədbir keçirilib. Modern.az saytının məlumatına görə tədbir şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsilə açıq elan edilib.
Giriş nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov Xocalı soyqırımının Azərbaycan xalqının tarixində silinməz izlər buraxdığını, 20-ci əsrin sonlarında ermənilər tərəfindən törədilən bu qətliamın heç bir insanlığa sığmayan bəşəri bir cinayət olduğunu bildirib.
“Ermənistanın bu gün də öz havadarlarının dəstəyilə işğal etdiyi Azərbaycan torpaqlarını azad etməməsi, beynəlxalq hüqüqa meydan oxumaqda davam etməsi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və digər beynəlxalq təşkilatların Azərbaycana qarşı ikili standartlarla yanaşdıqlarının bir göstəricisidir”.
Sonra çıxış edən Gəncliyə Yardım Fondunun təhsil şöbəsinin koordinatoru İbrahim Erol bildirib ki, Xocalı soyqırımı tarixi bir cinayətdir.
“Uşaqların, qocaların, qadınların məhv edilməsində, əsir və girovlara verilən ağır işgəncələrdə ermənilərlə bərabər insanlığa qarşı yönəlmiş bu cinayətə göz yuman dövlətlərin və beynəlxalq təşkilatların da az günahı yoxdur”.
Digər qonaqlar: Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfirinin müavini Kan Yılmaz, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Altay Paşayev, istefada olan polkovnik, hərbi repartyor Seyidağa Möhsümlü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Marifləndirmə ictimai birliyinin sədri Emin Həsənli çıxışlarında Xocalı faciəsinə beynəlxalq ictimaiyyətin hüquqi-siyasi qiymətini düzgün verməli olduğunu qeyd edərək bu həqiqətlərə biganə qalmağın cinayət olduğunu bildiriblər.
Sonda Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının nümayəndələri Nurlan Hüseynov və Gülnar Quliyevanın təqdimatında məktəblilər ədəbi-bədii kompazisiya ilə çıxış ediblər.
Aytən Əliyeva