Modern.az

 Tibb Universiteti Dağıstan Dövlət Tibb Akademiyası ilə əməkdaşlıq edəcək - FOTO

 Tibb Universiteti Dağıstan Dövlət Tibb Akademiyası ilə əməkdaşlıq edəcək - FOTO

19 Oktyabr 2016, 11:10

Bu gün Dağıstan Tibb Akademiyasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) olublar və ali məktəbin rəhbər heyəti ilə görüşüblər.

ATU-dan Modern.az-a verilən məlumata görə, görüş zamanı ATU-nun rektoru professor Gəray Gəraybəyli universitetin beynəlxalq əlaqələrindən söz salaraq bir çox ali təhsil müəssisələri ilə əməkdaşlığın əldə olunduğunu bildirdi. Qeyd olundu ki, təkcə Türkiyənin 16 universiteti ilə əməkdaşlığa dair qarşılıqlı müqavilələr imzalanıb.

 

Rektor G.Gəraybəyli bildirib ki, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi fərqli təhsil sistemləri ilə tanışlıq, yeniliklərin tətbiqi və nəticədə tədrisin təkmilləşdirilməsinə yardım olur. Çünki müasir dövrdə adi mühazirə oxuyan müəllim tələbləri maraqlandıra bilmir, onlara daha çox praktiki bilgilərin verilməsi lazımdır. Bu səbəbdən ATU-da tədris sistemində daim islahatlar aparılır, fəaliyyət daha da təkmilləşdirilir.

 

ATU-da təhsil sistemi haqqında məlumat verən professor Gəray Gəraybəyli qeyd etdi ki, artıq 5 ildir ki, ikipilləli təhsil sistemi tətbiq olunur. Rezidentura pilləsini bitirən məzunlar mütəxəssis həkim sayılırlar. Onlardan bəziləri elə ATU-nun klinikalarında işləyir. Bir çoxları isə xarici ölkələrdə staj keçirlər.

 

ATU-nun rektoru, həmçinin vurğulayıb ki, beynəlxalq münasibətlər zamanı dil amili mühüm rol oynayır. Bu baxımdan, Dağıstan universiteti ilə əməkdaşlıq bizim üçün daha rahat olacaq. Digər tərəfdən, Azərbaycanın Dağıstanla həmsərhəd olması da əlaqələri asanlaşdıran amillərdən biridir.

 

Dağıstan Dövlət Tibb Akademiyasının rektoru professor Süleyman Mammayev əvvəlcə Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edərək ölkəmiz haqqında düşüncələrini açıqladı. Onun sözlərinə görə, son illər Azərbaycanda hər bir sahədə nəzərə çarpacaq dərəcədə müsbət dəyişikliklər baş verib. Bu islahatlar özünü təhsil və səhiyyə sistemində də göstərir.

 

Rəhbərlik etdiyi müəssisə haqqında məlumat verən S.Mammayev Dağıstan Dövlət Tibb Akademiyasında 6 minə yaxın tələbənin təhsil aldığını bildirdi. O, Akademiyada mövcud tədris sisteminin ATU-dakına bənzədiyini də bildirdi. Universitetin klinikalarını və xüsusilə də Anatomiya muzeyini bəyəndiklərini bildirən qonaq qarşılıqlı tələbə mübadiləsindən yararlanmaq istədiklərini dedi.

 

Görüşün axırında ATU və Dağıstan Dövlət Tibb Akademiyası arasında əməkdaşlığa dair müqavilə imzalandı.

 

Sonda professor Gəray Gəraybəyli həmkarını “ATU-nun qızıl medalı” ilə təltif etdi. Rektor S.Mammayev tərəfindən də professor G.Gəraybəyliyə xatirə hədiyyəsi təqdim olundu.

 

Nümayəndə heyəti ilə görüşdə Rusiyanın Azərbaycandakı konsulu Sergey Klyuşev, konsulun ikinci katibi Alla Naniyeva, Dağıstan Dövlət Tibb Akademiyasının beynəlxalq əlaqələr şöbəsinin koordinatoru, Dağıstan Respublikasının əməkdar həkimi Alimetov Albert, ATU-nun rektorunun müşaviri Zülfüqar Musabəyov, elmi işlər üzrə prorektor Rauf Bəylərov, Beynəlxalq əlaqələr üzrə prorektor Rəhimə Qabulova, beynəlxalq əlaqələr şöbəsinin müdiri Nadir Zeynalov iştirak edirdilər.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi