“Əli İnsanov qardaşının yas mərasimində iştirak etmək üçün ümumiyyətlə müraciət etməmişdi. Bu üzdən də mərasimdə iştirak etməyib”.
Bunu sabiq səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev Modern.az-a açıqlamasında deyib.
Hazırda sabiq nazirin sağlıq durumunun normal olduğunu bildirən hüquq müdafiəçisi, onun açılan cinayət işi ilə razılaşmadığını da vurğulayıb:
“Hələ ki istintaq gedir, bu barədə daha ətraflı məlumat verə bilmirəm”.
Əli İnsanovun qardaşı Məhəmməd İnsanov ötən ilin oktyabrında vəfat edib. Həmin vaxt Ə.İnsanovun müraciət etməsinə baxmayaraq, saxlanma şəraitindəki mövcud qanunlar əsas gətirlərək, yas mərasimində iştirakına icazə verilməyib.
Ə.İnsanov 2005-ci ildə parlament seçkisi öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib, daha sonra iqtisadi cinayətlərdə təqsirli bilinib.
2007-ci ilin aprel ayında Əli İnsanov korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2016-cı il avqustun 24-də 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Əli İnsanova qarşı Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə ittiham irəli sürülüb. Sabiq nazir CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunur.
Bu ittihamlarla sabiq naziri 5-7 il azadlıqdan məhrumetmə cəzası gözləyir.
2016-cı il oktyabrın 11-də Bakının Qaradağ rayon Məhkəməsi rayon prokurorluğunun təqdimatı əsasında keçmiş səhiyyə nazirinin üç ay müddətinə həbs edilməsi haqqında qərar çıxarıb.
Gülşən RAUFQIZI