Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rüblük “Mezzo” jurnalı öz məzmunu, informativliyi, tərtibatı, dizaynı ilə sənətsevərlərin rəğbətini qazanmışdır. Jurnalın yeni sayı bu dəfə də oxucuların görüşünə incəsənət, təhsil, layihələr, yubileylər, tədbirlər, nailiyyətlər haqqında yeni xəbərlərlə gəlib.
Musiqi incəsənəti və təhsilinin yenilikləri jurnalın elə ilk səhifələrində əksini tapır. Belə ki, bu il Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə BMA-nın professorları - Xalq artisti Zəhra Quliyeva və Əməkdar incəsənət xadimi Zemfira Qafarova Prezident təqaüdü ilə, tanınmış musiqişünas Cahangir Səlimxanov isə “Əməkdar incəsənət xadimi” fəxri adı ilə təlitif olunublar.
Jurnalın məlumatlarına əsaslansaq, 2016-cı ildə Azərbaycan musiqisinin ən parlaq beynəlxalq nailiyyətləri yenə də BMA-nın rektoru, SSRİ xalq artisti, professor Fərhad Bədəlbəyliyə məxsusdur. Bu barədə xüsusi materialda geniş məlumat əldə etmək olar. Dünya şöhrətli pianoçunun xarici ölkələrdə verdiyi silsilə konsertlər haqqında maraqlı və çoxsayı faktlar göstərilir. Qeyd olunur ki, Fərhad Bədəlbəylinin Amerikanın Florida ştatında 2 ay müddətində 17 konserti (!) anşlaqla keçmişdir. Böyük sənət xadiminin Batumi Musiqi Festivalında, Avstriya və Londonda konsertləri də alqışlarla qarşılanmış, medianın diqqət mərkəzində olmuşdur. O, ənənəsinə sadiq qalaraq Avropa və rus klassikləri ilə yanaşı, Azərbaycan bəstəkarlarının da əsərlərini ifa etmiş, xarici ölkələrdə “Xocalı Rekviyemi”ni, Q.Qarayevin, F.Əmirovun, A.Rzayevin və V.Mustafazədinin ölməz musiqisini səsləndirmişdir. Jurnal yazır ki, F.Bədəlbəylinin konsertlərində gənc vokalçı Azər Rza, məşhur ifaçılar D.Yablonski və J.Handelman onunla səhnəni bölüşmüşlər. Bu ilin hamımız üçün daha bir qürurverici uğuru da musiqi tariximizdə daim yaşayacaqdır. Belə ki, Fərhad Bədəlbəyli dünya miqyaslı nailiyyətlərinə görə MDB-nin Dövlərlərarası Humanitar Əməkdaşlıq Fondunun “Birliyin ulduzları” Mükafatına layiq görülmüşdür.
“Mezzo”nun yeni sayında BMA-nın görkəmli musiqi, elm və təhsil xadimlərinin, həm də müasirimiz olan ustad müəllimlərin yubileylərinə həsr olunmuş məqalələr maraqla oxunur. SSRİ xalq artisti, solo oxuma kafedrasının müdiri, professor Xuraman Qasımova, Rusiya Pedaqoji elmlər akademiyasının akademiki, pedaqoji elmlər doktoru və görkəmli bəstəkar Oqtay Rəcəbov, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi, musiqi nəzəriyyəsi kafedrasının professoru İmruz xanım Əfəndiyeva, BMA-nın elmi və yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz xanım Abdullazadə, ifaçılıq kafedrasının dekanı, Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Babayeva, Xalq artisti, bəstəkarlıq kafedrasının professoru Aydın Əzimli bu ilin yubilyarlarıdır. Onların yubileyi ölkəmizin sənət və ictimai-mədəni hadisəsi olmaqla bərabər, həm də uğurlu yaradıcılıq hesabatı kimi gündəmə gəlmişdir. BMA-nın mütəxəssis müəllimləri L.Məmmədova-Fərəcova və A.Abduləliyev, dosent L.Yusifova, gənc tədqiqatçı L.Namiqqızı, doktorant E.Hümbətova və magistr R.Hüseynova tərəfindən qələmə alınan bu məqalələrdə yubilyarların gənclərə örnək olan yaradıcılıq yolundan, xidmətlərindən, fəaliyyətlərindən ətraflı bəhs olunur.
Oxucular Bakı Musiqi Akademiyası tərəfindən həyata keçirilən yeni layihələrlə də tanış ola bilərlər. Bu layihələr BMA-nın beynəlxalq mədəniyyət, təhsil, incəsənət əməkdaşlığına bariz nümunədir. Layihələr çərçivəsində Estoniyanın, İtaliyanın, ABŞ-ın, Polşanın, Norveçin, Sankt Peterburqun dünyaca məşhur musiqi kollektivləri, solistləri, eləcə də həmin ölkələrin konservatoriya professorları BMA mütəxəssislərilə birlikdə maraqlı konsert proqramları və ustad dərsləri təqdim etmişlər. Bu layihələr BMA-nın beynəlxalq təhsil və sənət mübadiləsi, kreativ ünsiyyət istiqamətində həyata keçirdiyi nailiyyətlərdəndir. Daha bir fakt: Avropa İttifaqı ilə Azərbaycan arasındakı tərəfdaşlığın 25 illiyinə həsr olunan flaşmob. Payraxtımızın mədəni həyatında əks-səda doğuran bu tədbir BMA-nən kamera orkestri, tələbə xoru, ifaçı tələbələri tərəfindən reallaşdırılıb.
Oxucular həmçinin magistr N.Əliyevanın “Üzeyir Hacıbəyli VIII Beynəlxalq musiqi festivalından təəssüratlar”, mətbuat xidmətinin əməkdaşları İ.Qismətin və L. Namiqqızının “Musiqi günü”nə, VIII Qəbələ Beynəlxalq musiqi festivalına, məzun gününə həsr olunmuş məqalələrində ətraflı məlumatlar və şərhlərlə tanış ola bilərlər.
“Mezzo” öz ənənəsinə sadiq qalaraq BMA-nın istedadlı tələbə gənclərinin beynəlxalq nailiyyətlərini təqdim etmişdir. Tələbələrdən Vurğun Vəkilov, Vüsal Aydəmirov (prof. O.Abasquliyev), Cavid Əzizov (prof. N.Rimazi), Nərmin Qurbanova (prof. N.Əliyarova), Günay Ağalarova (prof. Y.Axundova), Orxan Cəlilov, Lalə Hüseynli (dos. F.Hacıyeva), Aydan Məmmədova (prof. N.Quliyeva), Rahib İsgəndərov (dos. M.Hüseynov) bu il xarici ölkələrdə keçirilən ifaçılıq müsabiqə və festivallarının beynəlxalq laueratı adını qazanmışlar. Belə tələbə gənclərlə fəxr etməyə dəyər. Çünki BMA tələbələrinin hər il beynəlxalq müsabiqələrdə əldə etdiyi davamlı nailiyyətlər silsiləsi Azərbaycanın musiqi incəsənətinin işıqlı gələcəyi deməkdir.
“Mezzo”nun sentyabr buraxılışını oxumağa tələsin ki, Bakı Musiqi Akademiyasının yeni nailiyyətləri ilə daha yaxından tanış olasınız.
Ariz Abduləliyev