Modern.az

Quran ayələri ilə Sarı Gəlin

Quran ayələri ilə Sarı Gəlin

27 Oktyabr 2016, 13:08

Azərbaycan xalqının mənəvi sərvəti olan xalq mahnıları, bayatıları, əfsanələri və bütünlüklə mifologiyası atəşpərəstlik zamanında Zərdüştün kitabı Avestada olan fəlsəfi həqiqətlərdən – nurla zülmətin, xeyirlə şərin mübarizəsindən yaranmışdır. Bu xalqın məhəbbəti tərənnüm edən mahnılarında da şəxsi məhəbbətdən bəhs edilməmişdir.

 

Çünki Haqqın məhəbbətindən yarandıqlarını anlayaraq məhəbbəti İlahi məqam bilmişlər. Miflərdə söylənilənlər gerçəkdir, lakin dərk olunmayanda nağıl olaraq qalırlar. Atəşpərəstlik və oda sitayiş İlahi eşqin də Azərbaycanda yarandığını bildirir. Məhəbbətin yüksəlişi olan eşq Haqqdan ayrı salınaraq cəhalət qaranlığında qərib qaldığını dərk edənlərdə yaranır.

 

“O elə bir Allahdır ki, sizin xeyriniz üçün yaşıl və yaş ağacdan od yaratdı”. (Yasin, 80).

Sarı Gəlin bu eşqin odudur. Sarı Gəlin hekayəti müqəddəs Qurandakı eşq hekayətidir. Azərin oğlu İbrahimin Günəşə sitayiş etməsi ilə oda atılması məgər onun eşq oduna atılması deyildirmi? İbrahimə verilən Sara və Musaya verilən  Safra (Səhra, təsəvvüfdə haqqın günahlardan bağışlama kitabı Tövrat) bu odun dilləri, şölələri deyilmi?

 

“And olsun Günəşə və onun işığına! Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır”. (Əş-Şəms, yaxud Günəş surəsi 1;9) deyə Tanrı nəfsi yandıran Günəşə and içir. Deməli Allah yaratdıqlarını Azər adlı eşqin Günəşinin odlu cazibəsi ilə sınağa çəkibdir. Buradan Azərin məqamının ən yüksək məqam – eşq məqamı olduğu görünür. Yaradılanları öz ziddləri ilə, yəni surətlərinin görünməsi ilə ağıl tərəzisində tanıyıblar. Haqqı batil ilə, xeyri şər ilə tanıyıblar. Nuru zülmət ilə, namaz əhlini zaman əhli ilə tanıyıblar. Rəza da Azər ilə tanınıbdır. Allahın rizasına yetişmək elə Azərə yetişmək imiş. Çünki haqqın məhəbbəti haqqın əlaməti və əmanəti kimi Azərin qəlbindəki Beytül-Müqəddəsdə saxlanılmışdır.

 

Odlar yurdu Azərbaycan isə Azərin canıdır, öz yurdunu göz bəbəyi kimi qoruyan Babəyidir və Allahın əmanətinə xəyanət edənlərin əli ilə Azərindən ayrı salınaraq parçalanmış qəlbidir. Sarı Gəlin mahnısı hüznlü bu eşqin himnidir. Atəşkədələri söndürməklə bu platonik (ruhani) eşqi yaradan Zülqərneynin güzgüsü Quranın Kəhf surəsində haqqın güzgüsü kimi xatırladılır. Güzgü – qəlb aynası, danışan göz deməkdir. Yaradanın da eşq ilə tanındığı və Haqqın surətinin o güzgüdən göründüyü Quranda Saradan İshaqın doğulması kimi bildirilir:

 

“Allaha, Onun peyğəmbərinə və nazil etdiyimiz nura iman gətirin” (Ət-Təğabün, 8) - deyir Quran. Sarı Gəlin İlahi eşq odudur. Əbədi nura (Cavidana) doğru aparan müsəlman Həsənin gözünün odudur. Əbədi həyat qazanmaq üçün İlahi nura yetişmək istəyi olan eşq, Avestadan sonrakı bütün müqəddəs kitabların əbədi mövzusu olmuşdur. Cavidan Həsəni (ləqəbi Babək) qəbul etdi, nur ağlı qəbul etdi. Tanrının “kövneyn” (göz ol!) əmri ilə Həsən ona verilən mülkdən göz olub, haqqı göz bəbəyi kimi qoruyan Babək oldu. Quranın surəti (ayələri) gözəl olduğundan ona da Həsən demişlər. Quran ilahi hökmdür. Əlbəttə ki, Allah yaratdıqlarını Quranın hökmü ilə “Ol!” deməklə yaradıbdır. Bütün müqəddəs kitabların məzmunu Quranda cəmlənmişdir. Haqqı batil ilə tanıtmaq istəyən şər qüvvələr haqqın Günəşi Azəri zərrələrə bölməklə Quranı da göydən mülk aləminə endirərək dinlərə bölmüşlər və fələkləri yaratmışlar. Söz mülkündə (qəlblərdə) müqəddəs Qurana sözdən libas geyindirərək hissələrə və qissələrə bölməklə onu Qissəxan (hekayət söyləyən) etmişlər.

 

“O kəslər ki, Quranı hissələrə böldülər! Rəbbinə and olsun ki, Biz onların hamısını sorğu-suala çəkəcəyik.” (Əl-Hicr 91;92). Yoxsa (ya Peyğəmbər) sənin yenilməz qüvvət, kərəm sahibi olan Rəbbinin rəhmət xəzinələri onlara məxsusdur? (Sad 9)  – deyə qorxudur Quran.

Sarı Gəlin mahnısındakı haray surət verilməklə endirilmiş Quranın qəlbinin Yasin harayıdır. Mahnının birinci bəndi belədir:

“Saçı uzun hörməzlər,

Gülü sulu dərməzlər.

Bu sevda nə sevdadır,

Səni mənə verməzlər,

Sarı Gəlin?

Bu sualın cavabını eşq odu söndürülüb külü ilə ulduz bəxti oynlarına rəvac verilmiş Bibliyada axtarmaq lazımdır. Əlbəttə ki, Allah eşqi istədiyinə veribdir. Bibliyada isə Allahın yer üzündə sınağa çəkdiyi dostu İbrahim (ə) və kəlməsi Musa (ə) vasitəsi ilə insanlarla bağladığı əhdə (Əhdi-Ətiq, yaxud köhnə əhd) görə günah işlədən (dünyaya gətirilməklə Haqqdan uzaq düşən) hər kəs qurban verib Allahın rizasını qazanmış olur.

 

Qurban vermək insan qəlbinin varlıq aləmi cazibəsinə bağlanan tellərini kəsməklə qısa edib o dairədən qurtularaq haqqa yaxın olmaq arzusuna deyilir. Lakin bu telləri, əlaqələri kəsmək əvəzinə hər şeyin mahiyyətini bilmək istəyi ağıl sahiblərini həyata sarılmağa, gecəni gündüzə qatmaqla xeyri şərə calamağa, bəxtlərini sınamağa, rəngarəng libaslarla görünən həyatın yollarını uzun-uzadı saç kimi bir-birinə “calayaraq hörməyə” sövq etmişdir. Bununla da öz işlərini düyünlərə salmışlar və yollarını azmışlar. Quranın Yasin surəsinin 14-cü ayəsində bu barədə yazılmışdır:

“O zaman onlara iki elçi göndərmişdik, amma onlar ikisini də təkzib etmişdilər” (İbrahimi və Musanı).

Saç təsəvvüfdə ömrün yollarına bənzədilir və uzandıqca bir-birinə qarışır. Hər dəfə hörüləndə düyünlənir. Bu fələk Günəşinin saçaqları həyatın yollarına düşmüşdür və bütün yolların sonunun düyünə salındığı, fələk dönüb kələf olduğu bildirilir. Allah Süleyman mülkünü gözəl yaratdığı ağıla verməklə onu qəlbdə yaradan qüvvə etmişdir ki, ağıl bir kitab sözdən yaradılan həyatın batil olduğunu dərk edərək Haqqa dönə bilsin. Ağıl isə ona xidmət etsinlər deyə, surət verdiyi ayələrə (həyat əlamətlərinə) gözəl libaslar geyindirməklə yaratdığı həyatın gözəlliyindən zövq alaraq ağıl sahiblərini də onlara vurulmağa həvəsləndirmişdir. Ancaq bu həyatın vəfasız olduğunu görüb bəxtlərini sınamaq istəmişlər. Həyatın vəfasızlığı onların gözündə ayələri də vəfasız etmişdir. Ömür kitabı olan Quranın da əvvəllində ürəklərin “Bizi doğru yola yönəlt!” (Fatihə, 6) istəyi vardır, sonra da “(ovsun oxuyub) düyünlərə üfürən nəfsin şərindən” (Fələq, 4) qorunmaq istəyi göründü. Sonunda Nəs surəsində isə bəxtin nəshliyi ilə üzləşmə xəbəri gəldi. Peyğəmbərimizin həyatının sonlarında belə buyurduğu söylənilir:

 

“Ey insanlar! Aləmdə olub bitən işlər ilahi taleyə bağlıdır. Vaxtında görüləcək işlər üçün tələsməyin mənası yoxdur. Cənabi-həqq kiminsə istəyi ilə tezləşdirməz. Allahın qəza və qədərinə qarşı mübarizə aparmaq istəyənlər məğlub olarlar”.

 Əqil (Aqil) öz əksini Liqa, yəni gözəl görüb özünə vurulmuşdur. Bu gözəllik onu küfrə aparan düşmənə də çevrildi. Nə edək ki, gözəllərdə vəfa olmaz söyləmişlər. Həyat insana gözəl göstərildi ki, vəfasız olduğu görünsün.

 

“Gülü sulu dərməzlər”

 

Allah ehtiyacsızdır, Quranı yaradaraq ağıla tabe etdirmişdir ki, Quran ağıl ilə dərk olunsun. Ancaq Tanrının necə yaratdığını öyrənmək həvəsi (həvva) ağlı Hüsnün gözündən salaraq Adəmin cənnətdən çıxarılması ilə aşağı aləmlərə endirmiş və ağıl özü də öz ziddi olan nəfsə tabe etdirilmişdir.

Haqqa ən yaxın bəndə olan İsrail oğulları aşağı aləmlərə endirilərək yarandığı torpağın uğrunda öz qanının tökülməsindən qorxan, ağlından yalnız özünə fayda gətirən şeylər istəyən yəhudiyə çevrilmişlər. İsrail övladının yerdəki adına da İbn Salam demişlər. Söz mülkünün sahibi Süleymandan gələn barat (Məhəmmədə peyğəmbərlik verilməsi xəbəri) onlara çatdı:

 

“Bu barat Süleymandandır, o (günahlarınızın bağışlanmasını istəyərək) Bismillahir-Rəhmanir-Rəhim ilə başlayır.” (Ən-Nəml 30).

 

İsrail övladı təkəbbürləri üzündən peyğəmbərin kəlməsini (salamını) qəbul etmədilər. Süleymandan peyğəmbərə hədiyyə edilmiş 9 göyə də (Mövlana Füzuli demişkən, 9 axçaya) sahib çıxmaqda özlərini haqlı bildilər, Allahdan günahlarının bağışlanmasını istəmədilər. Allahın onlardan razı qalmasını istədilər, Leylini İbn Salama istədilər. “Yoxsa onların yaratdıqları Allahın yaratdığı məxluqata oxşadı?” (Ər-Rəd 16)

 

Göylərin gərdişi ilə 9 göy 9 fələyə çevrildi, fələklər də onların öz günahlarını özlərinə bağışladılar. Haqqa yaxın olduqları halda ağıl sahibləri haqqı haqq ilə tanıya bilmədilər. Haqqı əlamətləri ilə (ayələrlə) tanımaq istədilər.

 

Quran ayələri açılmayan və yalnız zahiri gözəlliyi ilə görünən güllərə bənzədilir. Gül qönçədə dəriləndə gözəl görünür. Lakin onun üzündən şehin çəkilməsi günahdır. Gülün açılması din elmi təsəvvüfdə İlahi sirlərin aşkar olması, Quranın açılması deməkdir. Quranın açılması və Quranı dərk isə  şəriətdə deyil, mərifətə yetişərək kamilləşən kəslərdə yaranır. Ibn Salam olan ağlın bəxti gətirmir. Gülün vaxtında açılmasını səbrlə gözləsəydi pir olub eşq sevdasının kamilliyini əl-Leyl (Leyli) surəsindən Quranın məna gözəlliyi Leylinin simasında görərdi. Gülün qönçədə qalması, açılmaması mənanın gizli qalıb açılmadığına işarədir. Lakin bu fələk Günəşinin çıxması ilə saçaqlarının gülün üzündən şehi götürməsi bir olur. Gülün tez açılması isə niqabda olan Quran ayələrinin də üzündən pərdənin açılması anlamına gətirər. Buna görə də, Quranın Nur surəsinin 31-ci ayəsi hökm edir ki, bürünsünlər:

 

“Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən (naməhrəmdən) çevirsinlər, ayıb yerlərini qorusunlar”.

 

Mömin qadınlar Quranın hicaba bürünmüş Nur surəsinin ayələrinə bənzəyirlər, naməhrəmlər üçün ləçəkli güllər kimi başları bağlıdırlar. Bu bir həya nümunəsidir. Bu sevdada fələyin günaha sövq etdiyi ağıl üçün tövbəni yaradan Allaha şükürlər olsun.

“Bu sevda nə sevdadır?

 Səni mənə verməzlər

Sarı gəlin”.

 

Həyat gözəl istəklərlə doludur. Ağıl hər gün insanları günahlarının bağışlanması üçün namazda tövbə etməyə çağırır və hər gün də onların tövbəsini sındırıb “Fatihə” surəsinin cazibəsində saxlayır. Məhəbbət insanı “Fatihə” surəsindən ayrılmağa qoymur. Ona görə də, bu sevdadan arif olanlar onun gətirdiyi bəlaları da dost payıdır deyə qəbul etmişlər.

Eşq isə ruhani bir istəkdir. Allah eşqi Onu dəlicəsinə sevənlərə veribdir. İnsan yaradanına qəlb ilə bağlıdır. Qəlb isə varlıq aləminin gözəllikləri, istəkləri ilə həqiqət aləminin saflığı arasında çaşdırılıb qalmışdır (Quranda Səfa ilə Mərva arasında). Od ilə öz qəlb evini (batinini) pak saxlayan namaz əhli odu əlindən alınıb həyata gətirilməklə zaman əhli edilib. Namaz əhlinin su ilə qəlibini (zahirini) pak etməsi vacib olmuşdur. Məcnunun “bu köhnə kilimi, yəni sudan yaradılan gilimi (libasımı) İsanın həvariləri nə qədər yudularsa da namazlıq olmadı” dediyini də eşidin. Atılmış bu yer qüvvədən düşmüş ayəyə oxşayır (doğrusunu Allah bilir).

Mahnının ikinci bəndi belə başlanır:

 

“Bu, dərənin uzunu,

Çoban, qaytar quzunu.

 

Bir zaman İbrahim belə demişdi.

 

“Ey Rəbbimiz, mən əhli-əyalımdan bəzisini (sənin əlamətlərindən Həcəri və İsmaili) sənin Beytül-Həramının yaxınlığında əkin bitməz (susuz) bir dərədə sakin etdim. Ey Rəbbimiz, onlar namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara meyl etsin. Onlara meyvələrindən ruzi ver ki, (nemətinə) şükr edə bilsinlər” (İbrahim 37).

 

Təsəvvüfdə peyğəmbərlərə verilən ağıl çobanla müqayisə edilir, könül də quzu ilə. Ağıl könülü qurbanlıq quzu kimi bəsləyir, qəlbin gözü isə haqqın əlamətlərinin ürəkdə yaratdığı duyğuların məna gözəlliyindən doymur. Göz gördüyünü könül də sevdi. Gözəllərdə isə vəfa olmaz söyləmişlər. Ağıl haqqa qurbanlıq olaraq gəzdirdiyi könül ilə Dünya adlandırılan bu uzun dərədə çaşıb qalmışdır və özünə zülm edən ağıl bu sevdada haqqdan uzaq düşdüyünü dərk etsə də dünyəvi gözəlliklərə olan həvəsindən xilas olmaqda acizdir.

Mahnının bu bəndi qəlbin onu azdırıb gəlimli-gedimli dünya adlandırılan bu uzun dərədə əsir etmiş ağıla və nəfsə yalvarışı, fəryadıdır.

 

“Nə ola bir gün görəm

Nazlı yarın üzünü”

 

Eşq ayrılıqdan yarandı. Ancaq insanlar naümid olandan sonra Allah yağış göndərər, öz nemətini paylayar- deyir Quran.

 

Nazlı yarın üzü Leylidir. Onu görmək elə Allahın rızasına yetişmək deməkdir. Tövratda qatili məlum olmayan bir kəsə qan bahası olaraq öküz qurban etmək haqqında söylənilir. Quranda bu barədə belə yazılıbdır: “Allah sizə öküz kəsməyi əmr etdi. O, bütün eyblərdən salamatdır və ləkəsiz (sapsarı) bir öküzdür. Çünki küfrləri üzündən öküzün məhəbbəti onların qəlblərini bürümüşdü”. (Bəqərə, yaxud Eynək 67, 71, 93).

 

Öküz, əməl sahiblərinin tanınması üçün, Samirinin səmərə bilib torpaqdan yaratdığı Günəş gözüdür ki, dünyanı onunla görürdülər. Öküz sözü təhrif olunub, ögsüz, yəni evsiz deməkdir. Doğrudan da Günəşin daimi mənzili yoxdur və o 12 bürcün hər birində bir ay mənzil edir. Günəşin çıxması ilə, qırmızı boyanması ilə namaz əhlinin görünməsinin Quranda əlaməti Əl-Bəqərə surəsinin 3-cü ayəsidir. “O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər”.

 

Bu Günəşin batması ilə, saralması ilə zaman əhlinin Quranda görünməsinin əlaməti isə “Maun” surəsinin 4 və 5-ci ayələridir. “Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər”.

Ağlın gözündəki həya pərdəsi dünyada xeyri şərdən, halalı haramdan ayırmasına mane olub. Lakin, pərdəni aradan götürənlər dünyaya uydular və özlərində həyanı öldürdülər. Ona görə də bu məhəbbət gözünü həyanın qan bahası olaraq qurban verməlidirlər. Onlar öküzü kəsdilər, dünyaya baxmadılar, ibadətlə ömür sürdülər, lakin ürəklərində Allahdan gizli saxladıqları istəklərinin hansının xeyir olduğunu bilmədən ibadət etdilər və ibadətlərinin də əvəzini istədilər. İbn Salam kimi onlar da Leyliyə yetişə bilmədilər və haqqın rizasını da qazanmadılar. Çünki onlarda Leylini görmək üçün Məcnun gözü yox idi. Bu günəşin qalxması ilə qəzanı salanın da qalxıb göz gəzdirdiyini (Salur Qazanın yerindən qalxmasını) Dədə Qorqud öz boylarında təsvir edərkən “Allah günahlarınızı Məhəmməd Mustafa üzü suyuna bağışlasın” söyləmişdir.

 

Allah Göy ilə Yer arasında insana elə böyük qəlb vermişdir ki, yerdən göyə qədər ondan razı qalsın. Ancaq qəlblər kitab kimi açıldıqda onların başdan ayağa maddi istəklərlə dolu bir dünya evi olduğu məlum oldu. Sözün dövranı gələndə, Kəlimullah (Musa) susmaq qızıldır dedisə də, söz eşitməyənlər yaradılışın sirrini açmaq üçün ağzı bütöv Oğuzun (Qız) qalası HANı “Bismillah”la açıb, ağzın qalası Dəhan etdilər. Samirinin səmərə bilib canlandırdığı dünyaya məhəbbəti ürəklərində saxlamaqla Fərhad olub Samirini canan, sevdikləri canı Şirin etdilər, Yaradanla insan arasındakı sinə dağını (Turi-Sinanı) da keçilməz Bisütun. Sözün tükənməz olduğunu görüb, çox söz dedilər, çox surətləri dilləndirdilər.

 

Sözün ən gözəlinə sahib olmaqla ən böyük mənanı dərk etmək üçün Deyləmin bu qaladakı qurbangahında (Minarada) çoxlu kəlmə kəsdilər. O sözün “Lailahəilləllah” olduğunu bildilər. Lakin ağla sığışmadığı üçün “Lailahəilləllah”ı böldülər, (Lailahə - Allahdan başqa, İlləllah - Allaha doğru). Sözün ən gözəli onların dilinə gəlsin deyə söz sahibləri ağlın idrak səhifəsinə Quranı zorla həkk etdirdilər, yalnız onunla görsünlər deyə ac gözlərini yedirdilər və “Biz sizi ancaq Allah rizasından ötrü (bu Leylinin hüsnünü görəsiniz deyə) yedirdirik” dedilər (Əd-Dəhr 9). Quranı övladlarına zorla oxutdurdular. Bildilər ki, “Əgər aləmdə dağları yerindən oynadan, ya yeri parçalayan, ya da ölüləri dirildib danışdıran Kitab olsa, o da Qurandır” (Ər-Rəd 31). Lakin, övladları qorxudulduqlarından Quranı “bismillah”la oxudular. Özləri isə Allahın onları qəbul etməsi üçün Leylinin qəbri olan daş Kəbəni və Məcnunun qəlbi və qəbri olan Həcər daşını öpməklə qəbrləri ziyarət etdilər. Minarada Haqqa qurban olmaq əvəzinə Minada qurban kəsdilər. Yoxdan var olanlar yox oldular. Qana döndərdikləri ürəkləri ilə - bəxtlərinin nəhsliyi Büxtünnəsrlə üzləşdilər və ölüb getdilər. Onlardan yalnız əfsanə qaldı.

Allah eşqini həqiqi xəlifəsi olan Azərə vermişdir. Allah eşqini, Onun mülkünü - 23 il ərzində nazil etdiyi Quranı 23 il İslama xilafətdə olan nəfsə qarşı cihadda göz bəbəyi kimi qoruyan Həsənə veribdir, İslamın namusu Həsənə veribdir.

Allah eşqini Quranın həyası, Məcnun olan könülə veribdir.

 

Peyğəmbərimizdən hədis gəlmişdir ki, ağlamaq Allahın insanların qəlbində gizli saxladığı məhəbbətinin əlamətidir. Məhəbbətin gözü kordur deyiblər.

Məhəbbətin gözü ağlamaqdan kor oldu. Sarı Gəlin mahnısındakı fəryad odu əlindən alınan Babəkin fəryadıdır. Bu fəryad İbn Salama verilən Leylisindən ayrı salınmış Məcnunun fəryadıdır. Bu fəryad Əslidən ayrı düşüb od tutub yanan qəlbin Yanıq Kərəmi fəryadıdır. Ruzini bol istəyənlər, uzun-uzun həyat arzuladılar. Bu arzuları da Allahın onlara verdiyi səbrini su kimi daşdırdı, sonu görünməyən həyata gətirdi.

Bu fəryad su kimi axıb gedən həyata gətirilməklə eşq odu söndürülmüş qəlbin Musaya – Xan olan çobana “Apardı sellər Saranı” fəryadıdır. Quran hökmdür. Görünsün deyə Allah onu, şeyximiz Nizami demişkən “hüsnün gözəl ayətləri, sevgili canan” Hüseynin gözünə nur etdi. İnsan ona görə haqqın güzgüsü kimi yaradıldı ki, haqqa yetişə bilməməyinin səbəbini özündə görsün! Miflər ilahi sirrlərin təzahür etdiyi yerdir. Dərk olunmayınca da, nağıl olaraq qalacaqdır. Bu eşq hekayətindən bəxt oyunları ilə sevdalara salınmış Quran ayələri göründü, Fatihə surəsinin hər ayəsində bir dərdə düçar edilmiş bəxti qara Məcnunun siması canlandı və qəlbimdə yaranan bu kəlmələri havalandırdı:

 

Gəraylı təcnis

 

Bəxtinə çıxmış çiçəyi,

Dər di nədi, dər di nədi

Özgəsinin qisməti nə

Dərdinədi, dərdinədi?

 

Dinmə, dinmə, dərd dinə din,

Daim olub dərd dinə din.

Çarə gəzir dərddinə din

Dər* di nədi, dər di nədi?

 

Hadi, nə üz dərdi, nə di,

Var gileyin, dərdinə di

Yar özü can dərdinədi

Dərdi nədi, dərdi nədi?

 

Namiq Hadi  

*dər – qapı

(mötərizə içərisində olanlar müəllifindir)

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü