Modern.az

Neft bahalaşır: dünya yeni böhran dalğası ilə qarşı-qarşıyadır

Neft bahalaşır: dünya yeni böhran dalğası ilə qarşı-qarşıyadır

25 Fevral 2011, 15:29

Vüqar Bayramov: “Yeni  böhranın təsirləri qlobal maliyyə böhranının təsirlərindən  böyük olacaq”.

Dünya bazarında neftin qiyməti kəskin bahalaşmaqda davam edir. Nyu-Yorkun "NYMEX" (New York Merchantile Exchange) birjasında "Light" markalı neftin bir barelinin qiyməti 4,53 dollar bahalaşaraq 98,10 dollara çatıb. Londonun İCE (İnterContinental Exchange Futures) birjasında keçirilən son hərraclarda "Brent" markalı neftin bir barelinin qiyməti 5,47 dollar artaraq 111,25 dollar olub.
"Azərlayt" markalı Azərbaycan nefti 2008-ci ilin avqustundan bugünədək ən yüksək qiymətə - 112,86 dollara satılıb.
İqtisadçı-ekspert  Vüqar Bayramov neftin qiymətinin 200 dollara yüksələcəyinin proqnozlaşdırıldığını söyləyir: “Yaxın Şərqdə müşahidə edilən qeyri-stabillik, gərginlik neftin qiymətinə təsir edib.  Neftin qiymətində artımlar davam edərsə, proqnozlaşdırıldığı kimi neftin qiyməti 200 dollara yüksələrsə, o zaman bu dünya iqtisadiyyatında neqativ təsirlərə gətirib çıxaracaq”.

V.Bayramovun sözlərinə  görə, dünya iqtisadiyyatı neftin qiymətindəki artımların neqativ təsirlərini artıq hiss etməkdədir: “Neftin bahalaşmasının  dünya bazarında yeni böhranın yaranmasına gətirib  çıxaracağına dair narahatçılıqlar var. Güman edilir ki, yeni  böhranın təsirləri qlobal maliyyə böhranının təsirlərindən böyük olacaq”.

İqtisadçı nefrin qiymətindəki  artımları kifayət qədər təhlükəli hesab edir.Onun fikrincə, bu tendensiyanın davam etməsi neft istehsal edən və idxal edən ölkələr üçün arzuolunan deyil: “Təbii, Azərbaycan neft ölkəsi olaraq neftin dünya bazar qiymətinin artımından gəlir əldə edir. Nəzərə alsaq ki, ölkədə orta hesabla gün ərzində 1 milyon 200 min barelə yaxın neft istehsal edir, neftin 1 dollar  bahalaşması dövlət gəlirlərinin artımı deməkdir. Bununla belə Azərbaycan üçün neftin qiymətinin süni və siyasi səbəbdən yüksəlməsi əlverişli hesab olunmur.Bu dünya bazarında inflyasiyanın güclənməsi və ölkədə idxal  inflyasiyasının yaranmasına yol açır.Neftin kəskin bahalaşması uzunmüddətli dövr üçün Azərbaycanın maraqlarına uyğun deyil”.

V.Bayramov deyir ki, neft bazarında baş verən proseslərin daha bir neqativ tərəfi artımların stabil artımlar olmamasıdır: “Bele artımlar qeyd etdiyim kimi sonradan yeni böhrana yol aça bilər. Yeni böhran artıq neftin qiymətinin azalmasına gətirib çıxarar”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...