Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin administrasiya rəhbəri Mixail Saakaşvili iddia edir ki, vətənində keçirilən parlament seçkilərinin ikinci turu indiki hakimiyyət və hakim “Gürcü arzusu” partiyası tərəfindən saxtalaşdırılıb.
Modern.az xarici mediaya istinadən bildirdiyinə görə, Saakaşvilinin fikrincə, indi yaxşı başa düşürlər ki, İvanişvilinin zamanında (Gürcüstanın keçmiş baş naziri, milyarder Bidzina İvanişvili-red.) növbəti seçkilər də saxtalaşdırılacaq.
“Biz əllərimizi yanımıza salıb və başımıza kül töküb dayanmalı deyilik, biz bu cinayətkar rejimə qarşı hər gün təzyiq göstərməliyik. Bizim yenidən qruplaşmağımız və fəal mübarizəyə başlağımız vacibdir”, - Saakaşvili vurğulayıb.
Onun yaratdığı “Vahid Milli Hərəkat” partiyası oktyabrın 30-da keçirilən parlament seçkilərinin ikinci turunda 50 majoritar seçki dairəsinin heç birində qalib gəlməyib.
Birinci turda isə bu partiya partiya siyahısı ilə 150 deputat yerindən 27-sini qazanıb. Hazırda fəaliyyətdə olan parlamentdə isə Saakaşvilinin partiyası 65 deputatla təmsil olunur.
Modern.az