NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədov barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin digər hakimi Eynulla Vəliyevin icraatına verilib.
Bu barədə Modern.az-a vəkil Elçin Sadıqov məlumat verib.
Vəkil deyib ki, məhkəmənin hazırlıq iclası noyabrın 4-ü, saat 10.30-a təyin edilib.
Cinayət işinin hakim Eldar Mikayilovun icraatında alınaraq hakim Eynulla Vəliyevin icraatına verilməsi Eldar Mikayılovun icraatına işlərin çox olması ilə əsaslandırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) həbs edilən NİDA-çı gənclərlə bağlı yaydığı məlumatda bildirilir ki, hər iki gənc narkotik maddəylə əlaqəli saxlanılıb.
“Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə İdarəsi, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu qəsəbə sakini Bayram Məmmədovdan 2,904 qram heroin, evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilərək götürülüb.
Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə İdarəsi, Nəsimi RPİ 22-ci PB və Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində Qiyas İbrahimovdan 2,607 qram heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb”.
Oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Nida" Vətəndaş Hərəkatının həbsdə olan üzvü Qiyas İbrahimovun məhkəmə prosesi yekunlaşıb.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q.İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Gülşən RAUFQIZI