Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Modern.az xəbər verir ki, proses hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilib. Təqsirləndirilən M. Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov ifadə verib.
O bildirib ki, həyat yoldaşı günahsızdır:
“Bu həbsi başqaları planlaşdırıb. İlhamə Quliyevanın oğlu Orxanın dostu Vüqar hətta ondan pul da istəyirdi, hətta evimə basqına da gəlmişdilər.
Guya ki, Mehriban onun evindən oğurluq edib”.
Şahid deyib ki, hadisədən sonra mərhum xalq artisi ona zəng edib Mehribanın onu öldürmək istədiyini bildirib:
“İlhamə Quliyeva mənə pul təklif etdi ki, get, həyat yoldaşını öldür. Mehriban evə gələndə mən onun üzərində xəsarət gördüm. Səbəbini soruşduqda dedi ki, İlhamə xanımın evində onu bıçaqlayıblar. Mehriban deyirdi ki, bu əməllər hamısı Vüqarın planıdır".
Növbəti proses noyabrın 8-nə təyin olunub.
M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.
Gülşən RAUFQIZI