Modern.az

Yanan bina İŞİ: zərərçəkənlər məhkəmədə ifadə verdi

Yanan bina İŞİ: zərərçəkənlər məhkəmədə ifadə verdi

Aktual

1 Noyabr 2016, 13:11

Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə çoxmərtəbəli yaşayış binasında baş verən yanğında təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Modern.az xəbər verir ki, prosesdə zərərçəkmişlərin ifadələri alınıb. Onlardan Lalə Hüseynova bildirib ki, həmin binada evi 1995-ci ildə alıb və orada yaşamayıb.

 

Kirayəyə verdiyi evə dəyən ziyanın dövlət tərəfindən qarşılandığını deyən L.Hüseynova şikayətçi olmadığını vurğulayıb:

 

Hakim bildirib ki, zərərçəkmişlərdən - Amilə Kişiyeva, Mirnizam Həbibov, Toğrul Bağırov və Mübariz Səmədov ölkə hüdudlarından kənardadırlar: "Həmin şahidlərin Azərbaycandan kənarda olması barədə sənədlər əldə etmişik, telefonla həmin şəxslərlə danışmışıq. Lakin onların prosesə gətirilməsi mümkün deyil. Bundan əlavə, bir neçə şahid prosesə gəlmir. Onların da barəsində məcburi gətirilmə barədə qərar çıxarılıb və qərarlar müvafiq polis idarələrinə göndərilib".

 

Hakim əlavə edib ki, iş üzrə adı keçə şahid Xəyyam Babayev məhkəməyə teleqram vurub. Şahid istintaqa verdiyi ifadəsini təsdiqlədiyini, prosesdə iştirak edə bilməyəcəyini qeyd edib.

Növbəti proses noyabrın 3-də davam etdiriləcək.

Ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cinayət işinə cəlb ediliblər. Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.

 

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi