Türk Xalqları Vətəndaş Cəmiyyəti Forumu Xocalı faciəsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatı, BMT-nin baş katibi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, Avropa Komissiyası, Avropa Şurası, ATƏT, Beynəlxalq Sülh Bürosu, Dünya Gənclər Assambleyasına, Türk dövlətlərinin parlamentlərinə, Türk dövlətlərinin Azərbaycandakı səfirliklərinə bəyanat ünvanlayıb.
Forumun mətbuat xidmətindən verilən məlumata görə, bəyanata Forumda ilk olaraq təmsil olunan Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstandan olan vətəndaş cəmiyyətinin nümayəndələri qoşulublar. Bəyanatda bildirilib:
- Biz Türk Xalqları Vətəndaş Cəmiyyəti Forumunda təmsil olunan təşkilatlar bəyan edirik ki, 19 il bundan öncə - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terrorçuları tərəfindən Dağlıq Qarabağın Xocalı şəhərində bəşəriyyətin ən ağır cinayəti sayılan Xocalı qətliamı həyata keçirilmişdir. Belə ki həmin gecə erməni barbarları Rusiyaya məxsus 366-cı motoatıcı diviziya ilə birlikdə Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri, 7 minlik əhalisi olan Xocalı şəhərinə hücum etmiş və xüsusi qəddarlıq və vəhşiliklə şəhəri yer üzündən büsbütün silmişlər. Qeyd edək ki, Xocalı şəhəri 1991-ci ilin oktyabrından başlayaraq erməni separatçıları və rus hərbçiləri tərəfindən blokadaya alınmış, oktyabrın 30-da şəhərlə avtomobil əlaqəsi tamamilə kəsilmiş və yeganə nəqliyyat vasitəsi kimi vertalyotdan istifadə edilmişdir. Lakin Şuşa şəhərinin səmasında mülki vertalyotun ermənilər tərəfindən vurulması və 40 nəfər mülki şəxsin həlak olmasından sonra, 1992-ci il yanvarın 18-dən Xocalıyla hava əlaqəsi də kəsilmişdir. Nəhayət planlı şəkildə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bəşəriyyətin ən ağır cinayəti sayılan, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımı həyata keçirilmişdir. Erməni cəlladlarının bu vəhşi cinayəti sayəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər – bunlardan 76-sı uşaq şikəst edilmiş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışdır. Xocalıda öldürülən 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca idi.Biz “Türk Xalqları Vətəndaş Cəmiyyəti Forumu” olaraq, bəyan edirik ki, soyqırımın üzərindən 19 il keçməsinə baxmayaraq, bu günə kimi 190 nəfərin taleyi barədə hələ də məlumat yoxdur.
Lakin kədər hissi ilə qeyd edirik ki, sözügedən soyqırımın təsdiqi olaraq bu günə kimi təqdim olunmuş, foto və video görüntülərə baxmayaraq, beynəlxalq ictimaiyyətin xüsusilə, dünyanın beynəlxalq qurumlarının hələ də bu faciəyə hüquqi qiymət verilməməsi bir daha sözügedən qurumların bu faciəyə biganəliyinin və ikili standartlarının nümunəsi kimi qiymətləndirilir. Təəssüflər olsun ki, bu gün terrorçu əməllərə qarşı qəti tədbirlərin görülməməsi, BMT-nin ölkəmizə qarşı işğalçılıq siyasətini pisləyən məlum 822, 853, 874, 884 saylı qətnamələrinin hələ də ermənilər tərəfindən əhəmiyyətsiz sənəd sayılmasına rəğmən beynəlxalq aləm bilərəkdən bu faktlara göz yummaqda davam edir. Bu isə bizlərdə hiddət və təəssüf hissi doğurur.
Biz aşağıda adları çəkilən Forum üzvləri inanaraq bəyan edirik ki, bu faciəyə nəhayət ki, hüquqi qiymətin verilməsi, beynəlxalq hüquq norma və prinsiplərinə tam uyğun olaraq həyata keçirilməsində beynəlxalq təşkilatlar ədalət və vicdan nümayiş etdirəcəklər. Müvafiq beynəlxalq qurumlar tərəfindən Ermənistan dövlətinə qarşı sanksiyalar tətbiq edilərək, cinayətkarların cəzalanmasında və ədalətin bərpasında ciddi addım atılacaqdır.
Biz bəyan edirik ki, dünya ictimaiyyəti özündə cəsarət taparaq, amansız bir vəhşiliklə günahsız insanları qətlə yetirmiş, Azərbaycanın ərazi bütövlüyünü pozaraq, işğal siyasətini həyata keçirmiş, öz ərazisindən didərgin düşərək 1 milyondan artıq qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olmuş insanların hüquqlarını pozmuş işğalçını öz adı ilə çağırmalıdır. Beynəlxalq qurumlar bu insanların pozulmuş hüquqlarının bərpa edilərək onlar öz doğma yurdlarına qayıtmalı, əsir və girovların azad olunmasında ciddi addım atmalı və nəhayət 19 ildən sonra da olsa səhvlərini düzəldərək, amansızlıqla qətlə yetirilmiş günahsız insanların ruhları qarşısında öz borclarını yerinə yetirərək, Xocalı soyqırımını bəşəriyyətə qarşı cinayət olması faktını tanımalıdır.
Biz insanlığın, ədalətin və vicdanın səsini eşidənləri Azərbaycan xalqının haqq işini dəstəkləməyə çağırırıq.