Gündəmdə tez-tez müzakirə olunan, o qədər həllini tapmayan vacib problemlərdən biri. Kitabların qiyməti və bir də sadəcə rəflərdə qalması bizə bu mövzuya yenidən müraciət etməyə əsas verir.
Oxucularla onlar arasındakı isti münasibəti soyudan başlıca səbəblərdən biri onlara qoyulan yüksək qiymətlərdir. Amma, qiymətin yüksək olması da nə kitabların, nə də mətbəələrin günahı deyil. İlk səbəb çap məhsulları üzərinə yenidən tətbiq olunan 18 faizlik əlavə dəyər vergisidir. Bu da istər-istəməz qiymət artımı ilə nəticələnir. Əslində, kitabların istehsalı o dərəcə də ucuz başa gəlmir. Heç oxumağa dəyməz dediyimiz kitabların bir nüsxəsi belə bir neçə mərhələlərdən keçməklə ərsəyə gətirilir. Bahaçılıq beyinlərdə “qiymətlər od tutub yanır” fikrini formalaşdırmaqla bizi bir az da mütaliədən uzaqlaşdırır. İndi nəşr olunan kitabların böyük bir qisminin tirajı 1000-dən 2000-dən o yana keçmir. Ancaq, ölkə prezidentinin 2004-cü ildə latın qrafikalı nəşrlərin kütləvi tirajı haqqında sərəncam imzalaması nəticəsində kitabların tirajı 25000 idi. Orta məktəb dərsliklərinin hər birinin miqdarı yüz minlərlədir.
Lakin çox ciddi tələb olunan ali məktəb dərsliklərinə bu dərəcədə diqqət ayrılmır. Ali məktəb dərsliklərinin qiyməti da ayrıca bir problemdir. Bu kitabların qiymətinin baha olmasın başlıca səbəbi kitabın müəllifin öz vəsaiti hesabına nəşr olunmasıdır. Nəşr olunan kitabların tirajı da olduqca az olur və 500-1000 arası dəyişir. Həmin kitabların bir çoxu universitet kitabxanlarındaolmadığından və satışda çətin tapıldığından tələbələr məcburən həmin kitabın nüsxəsini çıxarmağa məcbur olurlar. Bu problem hər il və hər semestrin əvvəllərində tez-tez müşahidə olunmaqdadır. Buna görə də ali məktəb dərsliklərinə orta məktəb dərsliklərindəki kimi ciddi diqqət ayrılmalıdır. Orta məktəb dərslikləri hər 4-5 ildə bir yenilənir. Lakin bunlara baxmayaraq onlar məktəb kitabxanalarında rəflərdə verildiyi kimi təptəzə qalır, illər keçdikcə tozlanır. Şagirdlərə isə daha çox əvvəlki illərdə nəşr olunmuş kitablar verilir.
Ancaq ali məktəb dərslikləri on illərlə istifadə olunur və köhnə də olsa onlardan əlavə ədəbiyyat kimi istifadə edilir. Buna görə də, dövlət tərəfindən qiymətli dərsliklərə, dissertasiyalara, monoqrafiyalara, elmi işlərə maliyyə vəsaiti ayrılsa və ən az hər birinin tirajı 10000-ədək çatdırılsa gözəl olar. Həm tələbələr dərslik problemindən çətinlik çəkməz, həm də dərslik müəllifləri həvəsdən düşməzlər.
Dərslik problemi bir yana qalsın, bu gün üçün gənclərin bir qismində bədii ədəbiyyata qarşı maraq hissi oyanmaqdadır. Bədii ədəbiyyatın, mütaliənin böyük əhəmiyyətini nəzərə alaraq yüksək qiymət amilinin həmin marağı söndürməsinə yol vermək olmaz. Ötən əsrin insanlarına bir də evlərinə nəzər salsaq onların evlərində çoxlu kitabların olduğunun şahidi olarıq. Bəs indiki gənclik niyə mütaliə etməkdən məhrum olsun? Təkcə, bədii kitablar deyil, bütün mövzulara dair kitablar hamı üçün münasib şəkildə əlçatan olmalıdır. Düzdür, belə əlçatanlıq elektron kitabxanlar vasitəsilə mümkündür. Ancaq heç bir PDF formatında olan elektron kitablar əsl kitabların verdiyi ləzzəti verə bilməz.
Ümid edək ki, bu məsələ öz həllini gözlədiyimizdən də qısa vaxt ərzində öz həllini tapacaq. Kitablar rəflərdə tərk edilmiş və tozlanmış vəziyyətdə qalmayacaq, bizim ən yaxın dostumuza çevriləcək.
Zaur Cəfərov
Azərbaycan Dillər Universitetinin IV kur tələbəsi