Modern.az

“İlk öncə” ifadəsini işlətmək doğrudurmu? (Mütəxəssis cavabı)

“İlk öncə” ifadəsini işlətmək doğrudurmu? (Mütəxəssis cavabı)

1 Mart 2011, 12:50

Son zamanlar rəsmi, qeyri-rəsmi toplantılarda bir sıra rəsmi və qeyri-rəsmi şəxslər çıxışlarına “ilk öncə” ifadəsi ilə başlayırlar.
- İlk öncə sizləri salamlayıram...
- İlk öncə onu qeyd edim ki...
Belə sitatları çox gətirmək olar. Elə bu səbəbdən də xeyli müddətdir ki, Azərbaycanda “ilk öncə” ifadəsinin düzgün olub olmaması barədə mübahisələr gedir. Bir çoxları “ilk” və “öncə” ifadələrinin eyni məna daşıdığını qeyd edir, bunlardan birinin işlənməsini mümkün sayırlar.  

Bəziləri isə “ilk” sözünün qüvvətləndirici kimi iştirak etdiyini deyirlər.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Modern.az-a açıqlamasında bildirib ki, “ilk öncə” Türkiyə türkcəsində çox geniş yayılmış ifadədir. Onun sözlərinə görə, burda “ilk” ədat, şiddətləndirici, gücləndirici format kimi iştirak edir:
“Məsələn, “öncə kimlərsə gələ bilər”. Amma bir də var ki, “ilk öncə o gəlməlidir”, yəni öncüllərin öncülü, təxminən bu mənaya gəlir. Amma biz onu necə gəldi istifadə edirik. Həqiqətən bu bir az da nöqsanlı çıxır”.

N.Cəfərov hesab edir ki, hətta bizdə mətbuatda da “ilk öncə” ifadəsini yerində dəqiq işlətmirlər: “Amma hər halda o ifadədən istifadə mümkündür. Bu üslubi, stilistik bir formadır, mənanın bir az gücləndirici olması üçün istifadə olunur. Məsələn, “ilk öncə onu deyə bilərik ki…”, yəni öncə deyilməli bir çox sözlərimiz var, amma öncə deyilənlərin içərisində ən öncə deyilməli olan budur. Bax, bu məzmuna gələndə əlbəttə onun mənası fərqlidir”.

Millət vəkilinin fikrincə, hər bir sözü yerində işlətmək lazımdır: “Yerli yerində işlənməyən söz sürtülür və lazımı emosiyasını itirir. Ümumiyyətlə, bu dilin istər səhv, istər düz, sterilizasiyalı hər hansı bir elementini qadağan etmək olmaz. Onu sadəcə izah etmək lazımdır ki, yerli yerində işlənsin. Yoxsa hansı ifadəni sən qadağan edə bilərsən, niyə qadağan etməlisən?”.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi İlham Tahirov isə “ilk öncə”nin sabitləşmiş ifadə olduğunu və “hər şeydən əvvəl” mənsaını verdiyini bildirib:
“Əvvəllər “hər şeydən əvvəl” ifadəsi işlədilirdi. Son dövrlər isə “ilk öncə” ifadəsi onu daha çox üstələyib. Amma ayrı-ayrılıqda “ilk” və “öncə” ifadələri eyni mənanı verir. Bu sabitləşmiş birləşmədir və sinonim sözlərdir. Sinonim sözlər olsa da, burada “ilk”dən sonra vergül qoymaq olmaz, “öncə” sözündən sonra vergül qoyulmalıdır”.

“İlk öncə” ifadəsinin son vaxtlar mətbuatın dilində çox işlədiyini deyən İ.Tahirov qeyd edib ki, söz birləşməsinin bu şəkildə istifadə düzgündür:
“Əslində, buradakı “ilk” sozü “öncə” ifadəsini daha da qüvvətləndirmək üçün istifadə olunur: “Öncə”ni istifadə etmək elə həmin mənanı verir. Amma “ilk” ayrılıqda “ilk öncə” birləşməsinin mənasını verə bilmir.

Məsələn, “öncə bu məsələni müzakirə etmək lazımdır”. “İlk bu məsələni müzakirə etmək lazımdır”. Fikir verin, bu cümlələr arasında nə qədər fərq var”.

Amma elmi katib “ilk öncə” ifadəsində “ilk” sözünün işlədilməsinin tərəfdarı olmadığını vurğulayıb. Onun sözlərinə görə, elə “öncə” o fikri iafdə edir, “ilk” isə onu bir qədər qüvvətləndirmə funksiyasını daşıyır.

“Amma bütövlükdə “hər şeydən əvvəl” ifadəsi necə işlənirsə, “ilk öncə” də elə işlənir. Bizim qəzetlərin, internet materiallarının dili nə qədər “ilk öncə” ifadəsi işlədir. Düzü “ilk” sözünün həmin birləşmədə işlədilməsinin tərəfdarı deyiləm, amma bu, bütün mətbuatda işlənilir. Yaxşı olardı ki, “öncə” ifadəsi elə tək istifadə edilsin”.

İlham Tahirov onu da bildirib ki, həmin ifadənin işlədilib işlədilməməsi ilə bağlı dildə elə bir qayda yoxdur:
“Amma hər hansı birləşməni tək birləşdirmək və müəyyən qədər ixtisara salmaq yolu ilə istifadə etmək də mümkündür. “Öncə” sözü “əvvəl”, “əvvəllər”, “hər şeydən əvvəl” ifadələrinə sinonim kimi işlədilir. “ilk” isə qoşulub bütün dildə istifadə olunur”.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu