“ABŞ-da keçirilən seçkilər vaxtı vətəndaşlar onları narahat edən məsələlər və problemlər barədə danışır, cəmiyyətdə olan məsələləri, varlıqları müzakirə edirlər”.
Modern.az saytının xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ölkəsində keçirilən prezident seçkiləri haqqında danışarkən deyib. Səfir bildirib ki, ABŞ-da bəzən sözügedən müzakirələr tənqidi tərzdə həyata keçirilir. Amma bu, ABŞ-ın irəliləməsi üçün ən yaxşı yoldur.
“Məhz seçkilər vaxtı biz müxtəlif suallara cavab tapmağa çalışırıq. Burada “daha yaxşı necə işləyə bilərik”, “bizi təmsil edə biləcək və amerikalılara işlərində yardım edə bilən ən yaxşı namizəd kimdir” sualları var”.
Robert Sekutanın sözlərinə görə, Amerika vətəndaşları arasında bəzən emosional müzakirələrin olması çox vacibdir.
“Biz ölkəmizin üzləşdiyi məsələlərin həllinin əldə olunması üçün fikir müxtəlifliyi ilə seçilən debatlara qatılırıq və yeni anlayışları qəbul edirik. Anlayırıq ki, demokratiya müzakirələr tələb edir, demokratiya sadəcə səsvermə hüququ deyil. Demokratiya sadəcə olaraq seçkilər günü müəyyənləşdirilən tədbirlər sırasından ibarət deyil. Demokratiya qanun aliliyinə hörməti, məhkəmə sisteminin rolu, vətəndaşlara verilən himayə və insanların vətəndaş cəmiyyətinə qatılmaq bacarığından ibarətdir”-deyə səfir əlavə edib.
O qeyd edib ki, amerikalılar yalnız prezident seçkisində deyil, həmçinin Nümayəndələr Palatasının 435 üzvünün seçkisində iştirak edirlər.
“Amerikalılar Senatın üçdə bir hissəsini, həmçinin qubernatorları, merləri, ştatların yerli assambleya və qanunverici orqanlarının üzvlərini seçirlər. Onlar büdcə, ictimai layihələrin maliyyələşdirilməsi də daxil olmaqla amerikalılara vacib olan müxtəlif məsələlərə səs verirlər. Çox sağ olun ki, səhərin erkən çağı bizimlə ABŞ-da keçirilən seçkiləri izləyirsiniz. Mərkəzi Seçki Komissiyasına seçkilərdə istifadə olunan avadanlıqlarının bir hissəsindən istifadə etməyə imkan yaratması üçün təşəkkür edirəm”.
Qeyd edək ki, noyabrın 8-də ABŞ-da prezident seçkisi keçirilib.
Aqşin Kərimov