Ermənistan cəmiyyəti, xüsusən hüquq müdafiəçiləri və vətəndaş quruluşlarının nümayəndələri Qarabağ müharibəsi zamanı azərbaycanlılara qarşı törədilən cinayətlərin məsuliyyətini yavaş-yavaşa anlamağa başlayırlar. Təsadüfi deyli ki, bu günlərdə Bakıda münaqişənin nizamlanması ilə bağlı keçirilən konfransa 3 erməni qonaq da qatılıb.
“Ölkədaxili Azadlıq Hərəkatı” müxalifət təşkilatının rəhbəri Vaan Martirosyan, jurnalist Vahe Avetyan və Yerevanın tanımış jurnalisti və ictimai fiqurlarından sayılan Süzanna Caginyan Bakıda iştirak etdikləri konfransda Ermənistandakı cinayətkar rejimi sərt dillə tənqid etmişdilər. Onlar Qarabağ həqiqətlərini, o cümlədən Xocalıda törədilən soyqırımı ilə bağlı etdikləri çıxışlara görə təzyiqlərə məruz qaldıqlarını deyiblər. Təsadüfi deyil ki, Vaan Martirosyan 2015-ci ilin sentyabrında real həyati təhlükədə olduğu üçün həyat yoldaşı və kiçik qızı ilə birlikdə Azərbaycana sığınmışdı.
Ermənistan vətəndaş cəmiyyətinin fəal qanadını təmsil edən Martirosyan da, Caginyan da, Avetyan da Sarkisyan rejiminin söz azadlığına məhəl qoymadığını, Qarabağ müharibəsinin həqiqətlərinə, hazırkı hakim klanın etnik təmizləmələrinə və Xocalı soyqırımına cavabdeh olduqlarını ifşa edən faktlara dözümsüz yanaşdıqlarını bildiriblər.
Sosial şəbəkələrin erməni seqmenti soydaşlarının Bakıya səfər etməsini və Xocalı abidəsi önündə baş əyməsini birmənalı qarşılamayıb. Belə ki, daşnak təfəkkürlü radikal ermənilər bu addımı pisləsə də, müzakirələrə Ermənistandan kənardan qoşulan xeyli erməni soydaşlarının addımlarını anlayışa qarşıladıqlarını bildiriblər.
Onların rəyi belədir ki, bütün faktlar, arxiv görüntüləri və hadisə şahidləri Xocalı soyqırımının ermənilər tərəfindən törədildiyini çoxdan sübut edib. Ermənilər arasında sosial şəbəkələrdəki mübahisələr ölkədə ciddi fikir ayrılıqlarının olduğunu, hakimiyyətin sərt və total nəzarətinə baxmayaraq liberal gəncliyin və intellektual kəsimin Qarabağdakı hərbi cinayətləri etiraf etməyə başladığını göstərir. Həmçinin, üç erməni ictimai xadiminin Bakıya səfəri ilə bu prosesin daha da sürətlənəcəyi gözlənilir.
Təsadüfi deyli ki, Vaan Martirosyan, Süzanna Caginyan və Vahe Avetyanla yanaşı, Helsinki Vətəndaş Assambleyasının Dağlıq Qarabağ üzrə təmsilçisi Karen Ağacanyan, “Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzi”nin sədri Georgi Vanyan və daha bir çox ictimai fiqur Xocalı qətliamına görə Azərbaycan xalqından üzr istəmişdilər.
Proseslərin gedişi Sarkisyanın başında durduğu Qarabağ klanının bu prosesin qarşısını ala bilmədiyini və yaxın gələcəkdə daha çox erməninin Qarabağda soydaşlarının törətdiyi vəhşiliklə tanış olacağını göstərir.
Artıq Ermənistandan kənarda yaşayan, xüsusilə də təzyiqlərə görə ölkədən qaçan ermənilər Xocalı hadisəsinə kənardan, yəni Sarkisyan rejiminin xofunu hiss etmədən baxırlar. Bu isə həmin ermənilərin Xocalı dəhşətlərini soyqırım kimi tanımaları deməkdir. Demək olar ki, bu, xaricdə yaşayan ermənilər arasında tendensiya halını alıb.
Rəsmi alətlərlə bir şeyə nail ola bilməyən Sarkisyan bunun qarşısını almaqdan ötrü diaspor rəhbərlərinə gizli məktub göndərib. Ancaq görünən odur ki, Sarkisyan klanının əlindən ayrı-ayrı ölkələrə qaçan ermənilər Xocalı soyqırımını tanımaqda davam edəcək.
Vüqar İSMAYILOV