Öz yerini yaza verən qış fəsli Novruzun gəlişi ilə başa çatır. Yazın gəlişi ilə havalar da isinir və bu bizim geyimimizə öz təsirini göstərir. Artıq bir çox xanımlar yazda nə geyəcəklərini, çatışmayan hansı libaslar alacaqlarını fikirləşirlər. Bunun üçün də ilk növbədə həmin vaxt dəbdə nələrin olacağı ilə maraqlanırlar. Əbəs yerə deməyiblər ki, gözəllik ondur, doqquzu dondur.
Modern.az saytının əməkdaşı xanımlara bu işdə kömək etmək üçün 2011-ci ilin yaz və yay fəsillərinin dəb rənglərinin hansılar olacağı və bu fəsillərdə hansı tip modellərə üstünlük veriləcəyini öyrənməyə çalışıb. Bu işdə bizə tanınmış stilist Anar Ağakişiyev kömək edib.
A,Ağakişiyev bildirib ki, 2011-ci ilin yaz və yay fəsillərində əsasən narıncı, yaşıl, solğun çəhrayı, solğun yasəmən rəngləri dəbdə olacaq. “Ağ və qara rənglər də həmişəki kimi bu ilin dəbidir. Bu rənglər ancaq geyimə aid olanlardır” deyən stilist 2011-ci ilin isti fəslində saç rənglərinin də tamamilə fərqli olacağını vurğulayıb.
“Ümumiyyətlə, 2011-ci ildə təbii saç rəngləri dəbdə olacaq. Bu il xanımlarımızın çox natural şabalıdı və bal rənglərinə üstünlük verməsini məsləhət görürəm”.
Stilist Anar hər ilin dəb rəng və geyimlərinin, modasının necə formalaşdığını da açıqlayıb.
“Çoxları bilmək istəyir ki, dəb rəngləri haradan formalaşır. Bəzi stilistlərdən fərqli olaraq mən günümü, vaxtımı elə-belə keçirmirəm. Ən azından moda barədə anlayışım var, ayda iki dəfə xaricə gedib-gəlirəm, internetdən dostlarımla, dünya modalar evləri ilə də əlaqə saxlayıram. Ən əsası isə modanı diktə edən insanlar var”.
Anar onu da qeyd edib ki, heç bir ölkədə modanı başqasından nümunə götürmürlər. Hər ölkə formalaşan dəbin özünə xas moda tərzini götürür.
“Elementar olaraq sırağa gün Oskar mükafatının təqdimetmə mərasimi keçirildi və dünya modalar evinin dizaynerləri mərasimə gələnlərin geyim tərzlərini diktə edirdilər. Ümumiyyətlə bunun üçün xüsusi bir vaxt ayrılır və müxtəlif yerlərdə “modalar həftəsi” keçirilir. Məsələn, “Nyu York moda həftəsi”, “Paris moda həftəsi”, “Milan moda həftəsi” və s. Bu moda həftələrində dizaynerlər öz fantaziyalarını - biri açıq-saçıq, digəri isə qapalı paltarları nümayiş etdirir. Hər ölkə də özünə hansı xüsusiyyət, hansı geyim daha yaxındırsa, onu götürür”.
Stilist ümumiyyətlə, moda anlamının ətrafdakı insanların, söz-söhbətlərin, internetdəki şərhlərin rəyi ilə formalaşdığını vurğulayıb.
Anar Ağakişiyev isti yay fəslinin dəb geyim tərzindən danışıb. Onun sözlərinə görə, 2009 və 2010-cu ilin favoriti, üstündə hind və ya bizim butanın elementləri olan uzun sarafanlarla artıq bu il vidalaşırıq.
“Xanımlarımız üçün bu ilin dəb geyim tərzi qısa şortik və üstündən uzun (şortikə bərabər uzunluqda) bədənə yapışmayan, üzərində retro şəkillər olan maykalar olacaq. Uzaqdan elə hiss olunur ki, xanım maykadadır, amma altından bir az şortik də görsənir. Yəni əsasən bu tərzdə olan geyimlər bu ilin favoritidir”.
Stilist hesab edir ki, bu il burnu və dabanı açıq, dəridən, üstü deşik-deşik olan çəkmələr dəbdə olacaq. “Bu çəkmələr əsasən 2010-cu ilin axırlarında dəbə gəldi və bu il də çox dəbdə olacaq”.
Bəs xanımlarımızın saçları necə olmalıdır?
Anar bildirib ki, yayda ya lap uzun, ya da lap qısa saç kəsimləri dəb olacaq. “Amma hər iki kəsim təbii olmalıdır. Yəni qısa saç qarışıq kəsimdə, uzun saçlarda isə təbii havalı buruqlar olmalıdır”.
Sonda stilist yaz və yayın dəb aksesuarlarından da danışıb. “Bu yay aksesurlardan daha çox qıfıl, açar formasında olan boyunbağılar, bilərziklər, skelet formasında üzüklər, sırğalar dəbdə olacaq”.
Stilsit Anarla yaz və yayın modası ilə tanış olduq. Amma bir şeyi unutmayaq ki, dəbdən çox bizə ən çox yaraşanları geyinməli və istifadə etməliyik.
Aytən ƏLİYEVA