Sumqayıt şəhər 1 nömrəli doğum evində Beynəlxalq vaxtından əvvəl doğulmuş uşaqlar günü münasibətilə tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhər Səhiyyə Şöbəsinin müdiri, bir müddət əvvəl vaxtından əvvəl çox az çəki ilə doğulmuş, çəki artımı ilə kafi vəziyyətdə evə yazılmış körpələrin anaları və dəvət olunmuş qonaqlar iştirak ediblər.
Sumqayıtdakı 1 nömrəli doğum evinin baş həkimi vaxtından əvvəl yarımçıq, çox az çəki ilə doğulan uşaqlara qulluğun təşkili və onların çəki artmasına nail olunması istiqamətində aparılan işlərdən danışıb və bu sahədə müsbət nəticələr əldə olunduğunu qeyd edib.
Tədbir bir neçə müddət əvvəl çox az çəki ilə doğulmuş və doğum evindən çəki artımı ilə kafi vəziyyətdə evə yazılmış uşaqların analarının bir neçəsi çıxış edərək artıq uşaqlarının normal inkişafının davam etməsindən söhbət açıblar.
Tədbirdə qeyd olunub ki, ölkə Prezidentinin 2014-cü il 13 iyun tarixli, 550 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən Azərbaycan Respublikasında diridoğulmanın beynəlxalq meyarlarının tətbiq olunmasına başlanıb.
Bu Proqrama əsasən ən az (bədən çəkisi 500 qram və daha çox) çəki ilə doğulmuş uşaqların xüsusi qulluq və müalicə ilə təmin olunması üçün müvafiq tədbirlər həyata keçirilməli və onlar arasında ölüm hallarının azaldılmasına nail olunmalıdır.
Sumqayıt şəhərində hər il 8 mindən artıq körpə uşaq doğulur. Onların 3,5-4 faizini vaxtından əvvəl və az çəki ilə doğulmuş uşaqlar təşkil edirlər.
Hazırda şəhərdə fəaliyyət göstərən hər 2 Doğum evində əsaslı təmir aparılıb, müasir müalicə-diaqnostika avadanlıqları və dərman preparatları ilə təminat, həmçinin bu sahədə işləyən kadrların hazırlanması işi xeyli yaxşılaşıb.
Modern.az