Azərbaycan Serbiyaya avtomagistral çəkilişi üçün verdiyi kreditdən 150-200 milyon avro əlavə gəlir götürəcək.
Modern.az-ın xəbərinə görə, bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan və Serbiya hökumətlər arasında imzalanmış kredit sazişində dəyişiklik edilməsi barədə” sazişin təsdiq edilməsi haqda qanun layihəsinin müzakirəsində bildirib.
Nazir müavini deyib ki, 15 il ərzində Azərbaycanda illik 4 %-lə verilmiş bu kredit sayəsində həmin kreditin məbləğinin 60%-i həcmində əlavə gəlir götürəcək.
"Kredit sazişi 2012-ci ilin fevralında imzalanıb ki, həmin dövr üçün də kredit üzrə gəlirlilik (4%) yüksək göstərici olub. Bu kreditin verilməsi həmçinin Azərbaycan şirkətlərinin Avropada layihə keçirməsi baxımından müsbət haldır”.
Komitə üzvü Vahid Əhmədov bildirib ki, Serbiyadakı bu yol layihəsindənsə, Azərbaycan öz daxilində investisiya yatırlmalıdır: “Bu gün Azərbaycanın özünün investisiyaya çox böyük ehtiyacı var. Azərbaycan dövləti və hökuməti bu gün ölkənin bir sıra sənaye sahələrini yaratmaq üçün xarici investisiya axtarır. Bu qərar dövlət başçısı tərəfindən verilib və müsbət də qərardır.Vəsaitin ayrılma müddəti niyə uzadılır ki? Axı yol artıq çəkilib qurtarıb və istifadəyə də verilib. Hətta bu gün mediada məlumat da getdi ki, serbiyalılar artıq yolu dağıtmağa başlayıblar”.
Deputat nazir müavinindən nəyə görə Azərbaycanın Serbiyadakı yol kreditini uzatdığını soruşub:
“Niyə müddət uzadılır ? Əgər uzadılma ilə əlaqədar Azərbaycanın dövlət büdcəsinə vəsait daxil olacaqsa bu başa düşüləndir. İkincisi isə biz bu yola sərf etdiyimiz 300 milyon avrodan əlavə nə qədər vəsait götürəcəyik? Bunları bilməliyik. Çünki Azərbaycan burada kreditor kimi çıxış edir. Yəni bu müqavilənin Azərbaycan üçün beynəlxalq əhəmiyyətini başa düşürük. Amma iqtisadi əhəmiyyəti çox maraqlıdır ki, Azərbaycan əgər əlavə vaxt verirsə, əlavə vəsait də buradan götürülməlidir”.
V.Əhmədov indiki vəziyyətdə Azərbaycanın xaricdə bu kimi investisiyaların qoymasının qəti əleyhinə olduğunu deyib:
“Ümumiyyətlə, mən millət vəkili olaraq hazırkı durumda Azərbaycanın ölkədən kənara sərmayə qoymasının tərəfdarı deyiləm. Azərbaycanın özünün çox böyük sərmayələrə ehtiyacı var. Bilmək istəyirəm ki, Serbiya ilə olan bu müqavilə nə zaman yekunlaşacaq və bur qoyduğumuz pulları nə zaman çıxarda biləcəyik?”.
Nazir müavini deputat Vahid Əhmədovun suallarını belə cavablandırıb: “Azərbaycan Serbiyaya bu layihə çərçivəsində verilməsi nəzərdə tutulan 300 milyon avrodan 271 milyon avro məbləği artıq ödəyib. Serbiya isə Azərbaycana indiyədək artıq 40 milyon avro geri qaytarıb və 23 noyabrda da 15 milyon avro ödəniş edəcək. İkin icra müddətində Azərbaycanın gəlirləri 55 milyon. avroya çatacaq”.
S.Babayev qeyd edib ki, bu layihə kreditin müddətinin deyil, ondan istifadə müddətinin uzadılmasını nəzərdə tutur.
“Kreditdən istifadə müddəti 4 ildən 6-ilədək uzadılır.Bu da həmin kreditdən istifadə olunması Serbiyadakı hava şəraiti ilə əlaqədar gecikmələrlə əlaqədardır".
Qanun layihəsi Milli Məclisin iclasına tövsiyə olunub.
Ağa AKİFOĞLU