Modern.az

İslam Əməkdaşlıq Təşkilatına yeni Baş katib seçilib

İslam Əməkdaşlıq Təşkilatına yeni Baş katib seçilib

17 Noyabr 2016, 23:49

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) yeni Baş katib seçilib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının 11-ci Baş katibi doktor Yusuf əl-Useymin olub. Bu barədə qərar isə Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki Safa Sarayında keçirilən İƏT xarici işlər nazirlərinin növbədənkənar iclasında qəbul edilib.

Toplantıda İƏT-in baş katibi postundan səhhətində yaranmış problemlərlə əlaqədar istefa vermiş İyad əl-Mədəniyə təşəkkür edilib.

Yusuf əl-Useymin dərhal vəzifəsinin icrasına başlayıb. O, bu vəzifəyə gətirilənədək İƏT baş katibinin baş müşaviri və aparatının rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, Yusuf əl-Useymin Səudiyyə Ərəbistanının Uneyza şəhərində doğulub və Kral Səud Universitetindən sosioloji və sosial xidmətlər ixtisası üzrə məzun olub. Eyni zamanda, Ohayo Universitetində magistr təhsili alıb. O, müxtəlif illərdə Səudiyyə Ərəbistanı Sosial İşlər Nazirliyində müşavir, nazir müavini, nazir məsləhətçisi və nazir vəzifəsində çalışıb. Kral Abdullah Vəqfinin baş katibi, Səudiyyə Ərəbistanı Mədəniyyət Sənət Dərnəyinin sədri işləyib. Yusuf əl-Useymin 1969-cu ildə yaradılmış İƏT-ə sədrlik edən ikinci səudiyyə ərəbistanlıdır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi