22-23 noyabr tarixlərdə Bakı şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) üzv dövlətlərinin Gənclərlə iş üzrə Şurasının iclası keçiriləcək.
Modern.az-ın məlumatına görə, Gənclərlə iş üzrə Şura "Müstəqil Dövlətlər Birliyinin (MDB) üzv dövlətlərinin Gənclərlə iş sahəsində əməkdaşlığına dair" 25.10.2005-ci il tarixli Sazişin icrası məqsədilə yaradılıb. Şura üzv dövlətlərin gənclərlə iş üzrə səlahiyyətli nümayəndələrindən (hər ölkədən iki nəfər olmaqla) ibarətdir.
Qeyd edək ki, Şuranın iclasları ildə iki dəfədən az olmamaq şərti ilə keçirilir. Şuranın 2016-cı ilin aprel ayında Minsk şəhərində keçirilmiş iclasında növbəti toplantının Bakı şəhərində keçirilməsi qərara alınmışdı. İclas Müstəqil Dövlətlər Birliyinin (MDB) 25 illiyinə həsr olunur. İclasda iştirak etmək üçün Belarus Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Moldova Respublikası, Rusiya Federasiyası və Tacikistan Respublikasının Şuraya üzv olan nümayəndələri və iclasda çıxışı nəzərdə tutulan məruzəçilər 22-23 noyabr 2016-cı il tarixlərdə Bakıya səfər edəcəklər.
Şuranın gündəliyində 14 məsələnin müzakirəsi və sənədlərin qəbulu nəzərdə tutulmuşdur.
Tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun da iştirakı nəzərdə tutulub.
Modern.az