Meydan hərəkatının liderlərindən olmuş Ənvər Əliyev “Yeni Müsavat” qəzetinə Dirçəliş günü bağlı müsahibə verib. Ənvər Əliyev müsahibədə “Meydan hərəkatı liderlərinin hökumətlə əlaqələri var idi. Nemət Pənahlı özü 13 dəfə Vəzirovla görüşübmüş. Onlar özbaşına deyildi. İstintaqda da yazıblar ki, partiyanın tapşırığı ilə orada iştirak etmişik, hamısını Ənvər edib” ifadələrini işlədib..
Modern.az məsələ ilə bağlı Meydan hərəkatının öndə gedənlərinin fikrini öyrənməyə çalışıb.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Meydan Hərəkatının liderlərindən biri olan Etibar Məmmədov deyib ki, Ənvər Əliyev nə danışır danışsın, o, bu məsələyə münasibət bildirmək istəmir.
Meydan hərəkatının fəallarından olmuş, keçmiş təhsil naziri Firudin Cəlilov:
“Meydan hərəkatı böyük bir hadisə idi. Onun içində müxtəlif qüvvələr var idi, xalq hərəkatı olduğu üçün bu təbii idi. Bunlar hamısı yazılmalıdır, təhlil olunmalıdır. Bir-iki nəfərin rəyi ilə Meydan hərəkatına qiymət vermək düzgün deyil. Meydan hərəkatı Azərbaycan xalqının azadlıq uğrunda milyonlarla insanın toplandığı hərəkat idi.
Ənvər Əliyev mitinqi idarə edənlərdən biri olub. Lakin o, meydanı 2 gün idarə edib. Daha sonra onlar yorulub çəkildilər və bizə təklif etdilər. Biz də Sabir Rüstəmxanlı ilə Nemət Pənahlını irəli verdik. Xalqın gözündə meydanın yerdə qalan günlərinin 2 əsas qəhrəmanı onlar oldu. Sabir Rüstəmxanlı ziyalı kimi, Nemət Pənahlı da fəhlə hərəkatının lideri kimi xalqın qarşısında qəhrəman oldu. Amma hökumətlə əlaqə məsələsi doğru deyil. Çünki hökumətin əleyhinə olan mitinq idi. Düzdür, o mitinqin başlanmasında yerli hakimiyyətin öz maraqları, Moskvanın öz maraqları vardı. O maraqlar üst-üstə düşdüyünə görə, ora çoxlu adam toplanmışdı. Kiminsə o dövrdə Azərbaycana rəhbərlik etmiş Əbdürrəhman Vəzirovla görüşməsi o demək deyildi ki, hökumətə işləyirdi. Görüşlərin olması normal hal idi. Meydan hərəkatında meydanı idarə etmək üçün nümayiş komitəsi yaradıldı. Nümayiş komitəsinə sədrliyi mən edirdim. Amma heç kim məndən soruşmur ki, bu komitə necə yarandı, nə iş gördü, kimlər tərəfindən təqib olundu? Bunlar hələ ki açılmayıb. Mənim nə vaxtsa imkanım olsa, Meydan hərəkatı haqqında geniş bir yazı yazmağı düşünürəm”.
Qafar Ağayev