Mişel Obamanın modelyeri yeni birinci ledini geyindirməkdən imtina edib
Fransız əsilli modelyer Sofi Telpe bəyan edib ki, o, ABŞ-ın yeni birinci ledisi, yeni prezident Donald Trampın həyat yoldaşı Melaniya ilə işləməyəcək.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Telpenin “Twitter”də yaydığı açıq məktubda qeyd edilib.
“Mənim üçün ötən 8 ildə birinci ledi Mişel Obamanı geyindirmək şərəf olub. Mən növbəti birinci lediyə paltar tikməyəcəm, yaxud onunla əməkdaşlıq etməyəcəm. Onun ərinin irqçilik, şovinizm və ksenofobiya haqda söylədikləri bizim həyatda rəhbər tutduğumuz dəyərlərlə üst-üstə düşmür”, - Telpe yazıb.
Modelyer həmkarlarını da ondan nümunə götürməyə çağırıb.
Telpe 2007-ci ildə, Barak Obama prezident kimi vəzifəsinin icrasına başlamazdan əvvəl eyniadlı geyim markası buraxıb.
Mişel Obama o vaxtdan bəri modelyerin şəxsi müştərisi kimi qalır.
Modern.az