2016-cı ilin noyabr ayının 15 günü ərzində Beynəlxalq Muğam Mərkəzində silsilə tədbirlər və kosertlər həyata keçirilib.
Bu barədə Modern.az-a Muğam Mərkəzindən məlumat verilib.
Noyabrın 5-də reallaşdırılan “Muğam-Caz” konsertində xanəndə Qoçaq Əsgərov və fransız Pierre de Tregomainin birgə ifası səslənib. Azərbaycan muğamını və caz musiqisinı müxtəlif kompozisiyalarda kamançada Elnur Mikayılov, nağarada əməkdar artist Kamran Kərimov, tarda İbrahim Babayev, bəm nağarada Hüsaməddin Əzizov, pianoda Vasif Hüseynzadə və bas gitarada Elcan Cəbrayılov müşaiyət ediblər.
Noyabrın 10-da mərkızdə Rusiyanın tanınmış musiqiçiləri, beynəlxalq müsabiqələr laureatı “Sib-Duo” qrupunun konserti baş tutub. “Dünya Kuboku” və “Dünya Trofeyinin” qalibi olan “Sib-Duo” qrupunun təməli dörd il bundan öncə Aleksandr Sirotkin və Andrey Bityutskix tərəfindən qoyulub. Qrup Rusiya, Almaniya, Avstriya, Fransa, İtaliya, Çexiya və Çində keçirilən böyük musiqi forum və festivallarında iştirak edib. “Sib-Duo” dörd il ərzində müxtəlif proqramlarla yüzlərlə konsertin iştirakçısı olub. Konsertlərdə qrupu Avropa və Rusiyanın tanınmış musiqi kollektivləri - simfonik və kamera orkestrləri, Rusiya xalq çalğı alətləri orkestrləri müşayiət edib. “Sib-Duo” qrupunun repertuarına dünya və rus musiqisi, estrada və caz janrından nümunələr və xalq mahnılarının xüsusi işləmələri daxildir.
Qrupun Bakıda təqdim etdiyi konsert proqramı maraqla qarşılanıb.
Noyabrın 11-də isə Mərkəzdə görkəmli Azərbaycan xanəndəsi və muğam ustası Əbdülbaqi Zülalovun – Bülbülcanın anadan olmasının 175 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib. Gecədə muğam ictimaiyyətinin nümayəndələri, muğamsevərlər, Bülbülcanın yaxın qohumları iştirak edib. Aparıcı, fəlsəfə doktoru, Bülbülcan irsinin tətqiqatçısı Gülhüseyn Kazımlı xanəndənin həyatı və yaradıcılığı barədə tədbir iştirakçılarına məlumat verib. Gürcüstandan dəvət olunmuş qonaq, Gürcüstan Musiqi Alətləri Muzeyinin direktori Revaz Kotrikadze hər iki xalqın musiqiçiləri arasındakı dostluq, qardaşlıq və yaradıcılıq əlaqələrindın danışmış, qədim gürcü musqiçilərinin Bülbülcan haqqında xatirələrindən gecə iştirakçılarına məlumatlar verib. Tədirin gedişi zamanı görkəmli muğam ifaçılarının çıxışları gəcəni daha da maraqlı edib.
3 gün ərzində (14-15-16 noyabr) Çingiz Mustafayev və Palmas qrupunun “Unudulmayanlar” adlı solo konserti də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Konsertdə əsasən retro mahnılar yeni interpretasiyada səslənib.
Noyabr ayının son günlərində də Beynəlxalq Muğam Mərkəzində bir-birindən maraqlı tədbirlər və konsertlər olacaq ki, bunlar haqqında da mütəmadi məlumatlar KİV-də işıqlandırılacaq.
G.Kazımlı