Dünya Azərbaycanlıları Assambleyası (DAA) Rusiya Federasiyasının prezidenti Vladimir Putinə işğalçı Ermənistanla nəzərdə tutulan hərbi müttəffiqliyə yenidən baxılmasıyla bağlı rəsmi müraciət ünvanlayıb.
Dünya Azərbaycanlıları Assambleyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, müraciətdə V.Putindən Ermənistanla hərbi müttəfiqliyə yenidən baxılması xahiş olunub.
Müraciətdə daha sonra, Dünya Azərbaycanlıları Assambleyasının dünya üzərində yaşayan 50 milyondan artıq azərbaycanlının insan haqlarının, milli mədəni hüquqlarının təmin olunmasını qarşısına məqsəd qoymuş beynəlxalq ictimai təşkilat olduğu diqqətə çatdırılıb.
Həmçinin Azərbaycan və Rusiya arasında hər zaman dostluq əlaqələrinin olması və bu münasibətlərinin daha da möhkəmlənməsi müraciətdə qeyd edilib:
“Azərbaycan dünyada yeganə dövlətlərdəndir ki, hər zaman beynəlxalq arenada Rusiyanın mövqeyini müdafiə edib və Rusiyaya qarşı hər hansı provakasiyada iştirak etməyib. Biz Azərbaycan Rusiya arasında münasibətlərin daha da güclənməsini istəyir və müdafiə edirik. Lakin atılacaq bu cür addım Azərbaycan toplumunda Rusiyanın mövqeyinə qarşı bir təəssüff və narazı mövqe yaratmaqdadır”.
Müraciətin sonunda Rusiyanın Ermənistanla yaradılacaq hər hansı hərbi birləşməyə getməməyi və belə bir qərar varsa bu qərara yenidən baxılmağı rica edilib.