Adı türkçülük, Azərbaycan istiqlalı və Türkiyə dövlət quruculuğu tarixinə əbədi həkk olunmuş ictimai-siyasi xadim, partiya qurucusu, yazıçı- publisist, naşir, redaktor Əhməd Ağaoğlunun (1869, Şuşa- 1939, İstanbul) həyatında Malta sürgünündən sonra yeni mərhələ başlayır. Bir neçə il Türkiyənin mətbuat naziri olur, beynəlxalq Anadolu Agentliyinin yaradıcısı və ilk baş direktoru, bir sıra nüfuzlu qəzetin baş redaktoru kimi də çağdaş Türkiyə KİV-nin formalaşmasında mühüm rol oynayır. Əhməd bəy XX əsrin 20- illərinin ikinci yarısıda Böyük Millət Məclisinə iki dəfə seçilir. Türkiyə Respublikasının dövlət quruculuğunda yaxından iştirak etməklə yanaşı, ciddi pedaqoji fəaliyyətlə də məşğul olur, Ankara Universitetində, daha sonra İstanbul Universitetində mühazirələr oxuyur. Digər tərəfdənsə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Türkiyədə məskunlaşmağa və bolşevik rejiminə, kommunist ideologiyasına qarşı mücadilə məqsədi ilə təşkilatlanmağa başlayan, eyni zamanda aralarında müəyyən fikir anlaşmamazlıqları və çəkişmələr olan Azərbaycan mühacirləri arasında da Əhməd bəyin böyük nüfuzu var idi. Məhz belə bir şəraitdə o zaman Türkiyədə yaşayan və Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlıdakı ilk səfiri ( 1919), yazıçı Yusif Vəzir Çəmənzəminlini (1887, Şuşa- 1943, Nijni- Novqorod) dərindən narahat edən, ciddi düşündürən problemlə bağlı Ə. Ağaoğluna məktubla müraciət etməsi təbii idi və Əhməd bəyin Türkiyə və Azərbaycan mühacirləri arasında söz sahibi olmasına dəlalət edir.
Yusif Vəzir Çəmənzəminlinin 1925- ci ildə Əhməd bəy Ağaoğluna ünvanladığı məktub fikrimizcə, XX əsrin 20-ci illəri ilə bağlı mühacirət problemlərinin araşdırılması, mühacirətşünaşlığın həmin dövrlə əlaqədar səhifələrinin daha səhih işlənməsi, həm də iki böyük tarixi şəxsiyyətin həyatının tədqiq baxımımdan mühüm əhəmiyyət kəsb edir. Bəs Əhməd bəy Ağaoğlu Yusif bəyin bu məktubuna cavab verdimi, yaxud necə cavab yazdı, bu müraciətin Yusif bəyin sonrakı taleyində rolu oldumu? Bu suallar isə hələlik açıqdır...
Mehdi Gəncəli
Abid Tahirli
İstanbul, Bakı
17 noyabr 2016