“YAP yeganə partiya idi ki, yaranandan 6 ay sonra onun rəhbəri hakimiyyətə gəldi. Bu, xalqın istəyi idi. Məhz buna görə bir daha deyirəm ki, Azərbaycanda YAP-dan başqa heç bir siyasi təşkilat xalqın istəyi ilə yaranmayıb”.
Modern.az-ın xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov partiyanın yaranmasının 24 illiyi münasibəti ilə Binəqədi rayon təşkilatında keçirilən tədbirdə deyib.
Ə.Əhmədov bildirib ki, YAP-ı güclü partiyaya xalqın gücü və Heydər Əliyevin böyük şəxsiyyəti çevirib:
“Xalqa xilaskar lazım idi və bu da ulu öndər Heydər Əliyev idi. Xalqa onu irəliyə apara biləcək siyasi təşkilat lazım idi ki, bu da ulu öndərin yaratdığı YAP oldu. Burada şəxsiyyət amili də əsas rol oynayırdı. Məhz bu partiyanın yaranması üçün xalq Heydər Əliyevə müraciət etdi. YAP yarandığı dövrdə xalqın ona göstərdiyi etimadı doğrulda bildi. 92-93-cü illərdəki vəziyyəti bugünkü yüksəklikdən baxıb təsəvvür etmək çətindir. O dövrdə hərc-mərcliyə son qoyulacağını, iqtisadiyyatda baş verən tənəzzülün qarşısını alıb islahatlara başlamağı, ermənilərin işğalının qarşısını alacağını, ayrı-ayrı silahlı dəstələrin fəaliyyətinə son qoyulacağını xalq məhz Heydər Əliyevin şəxsiyyəti ətrafında görürdü və seçimini də düz etdi. Xalq öz gücünü Heydər Əliyev şəxsiyyəti ətrafında birləşdirərək Azərbaycanın o zaman düşdüyü çətinlikdən çıxarmağı düzgün yol hesab edirdi.
Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının həyatında mühüm rol oynayıb. YAP-ın yaranması Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin hakimiyyətə gəlişi, Azərbaycana rəhbərlik etməsi YAP-ın fəaliyyəti ilə əlaqədardır. Bu gün də Yeni Azərbaycan Partiyası öz şərəfli tarixi missiyasını yerinə yetirir.
Bu təşkilat Azərbaycanın qüdrətinin artırılmasında yaxından iştirak edir. YAP Azərbaycan tarixində bu günə qədər heç bir siyasi təşkilata müyəssər olmamış ictimai nüfuza sahib olub. Partiyamızın bir neçə aydan sonra üzvlərinin sayı 700 minə çatacaq. Azərbaycan tarixində, hətta birpartiyalı sistem olduğu dövrdə də bu qədər üzvü özündə birləşdirən siyasi təşkilat olmayıb".
Baş nazirin müavini əlavə edib ki, ictimai nüfuz, həyata keçirilən islahatlar, Azərbaycanın uğurlu inkişafı bundan sonra da uzun illər YAP-ın iqtidar statusunun saxlanılması üçün çox ciddi əsas olacaq.
Ağa AKİFOĞLU