“ABŞ-dan olan həmsədr Ceyms Uorlikə gələcək fəaliyyətində uğurlar arzu edirik. Ümumiyyətlə, bizim ATƏT-in Minsk qrupunun həmsədrlərindən gözləntimiz fərdi deyil, institusional xarakter daşıyır”.
Modern.az-ın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ceyms Uorlikin ATƏT-in Minsk qrupunun həmsədrliyindən getməsinə münasibət bildirərkən deyib.
Nazirlik rəsmisi bildirib ki, Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədrlərindən gözləntisi institusional xarakter daşıyır:
“Belə ki, instutusional olaraq ATƏT Minsk qrupunun həmsədrləri mandatlarına uyğun olaraq münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Helsinki Yekun Aktı əsasında həllini təmin etməlidirlər.
Nəticə etibarilə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində qəbuledilməz və qeyri-davamlı hesab etdikləri status kvo-dəyişdirilməlidir.
Status-kvonun dəyişdirilməsi isə işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını tələb edir.
Təəssüf ki, ötən 20 ildən artıq müddət ərzində Azərbaycan əraziləri işğaldan azad edilməyib və regionda davamlı sülh və təhlükəsizlik təmin edilməyib".
Ağa AKİFOĞLU