NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyası çərçivəsində qurumun Müdafiə və təhlükəsizlik komitəsinin suveren ölkələrin ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı qətnaməsi müzakirəyə çıxarılıb.
Bu barədə Trend-ə sessiyada iştirak edən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, qətnamə səsə qoyularaq qəbul olunub: "Bu, NATO PA tərəfindən qəbul edilən ən vacib sənədlərdən biridir. Sənəddə süveren ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmasının vacibliyi qeyd olunur".
S.Novruzov əlavə edib ki, sənədin qəbulu Ermənistan nümayəndə heyəti tərəfindən narahatlıqla qəbul olunub.
Qeyd olunan sənəd ötən gün ABŞ nümayəndə heyətinin təşəbbüsü ilə NATO PA-nın Müdafiə və təhlükəsizlik komitəsində qəbul olunmuşdu. Ermənistan nümayəndə heyəti sənədə etirazını bildirmişdi.
Bu gün isə sənəd NATO PA-nın sessiyasında qəbul olunaraq PA-nın sənədi statusunu qazanıb.
Modern.az