Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Hüquqlarını Müdafiə Komitəsinin növbəti iclası keçirilib.
Modern.az xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib ki, Müdafiə Komitəsinin tərkibi genişlənib.
Təşkilat sədri bildirib ki, ABŞ, Fransa, İngiltərə və digər Qərb ölkələrinin ölkədəki səfirlikləri tədbir haqda məlumatlandırılıb, lakin onlar tədbirə qatılmayıb.
İclas iştirakçıları adından Azərbaycan prezidentinə, BMT-nin insan hüquqları üzrə ali komissarına və Rusiyanın Azərbaycandakı səfirinə müraciət qəbul olunub. Müraciətdə bildirilir ki, D. Əsgərov və Ş.Quliyev qənaətbəxş şəraitdə saxlanılmır, onlar işgəncə və qeyri-insani rəftara məruz qalırlar:
“Dünyanın ən totalitar, diktatura rejimlərində belə məhbuslar vəkillə təmin olunduğu halda, “DQR” deyilən cinayətkar rejim girovların real hüquqi müdafiəsini təmin etməyib, onları tibbi xidmətdən belə? məhrum edib. Bu faktlar onu göstərir ki, Dilqəm və Şahbaza qarşı beynəlxalq insan hüquqları normaları pozulub və pozulmaqda davam edir”.
Mirmahmud KAZIMOĞLU