“Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli əsli Gürcüstan prezidenti Mixail Saakaşviliyə, surəti Gürcüstanın reinteqrasiya naziri Ekaterine Tkeşelaşviliyə və Kvemo Kartli qubernatoru David Kirkitadzeyı olmaqla məktub göndərib. Məktubda Borçalıda (Kvemo Kartli) baş verən qanunsuzluqların aradan qaldırılması tələb olunur.
Modern.az-ın məlumatına görə, məktubda deyilir:
- Hörmətli, cənab Prezident!
İlk öncə Sizi rəhbərlik etdiyim "Borçalı" İctimai Cəmiyyəti adından salamlayıram. Biz - Gürcüstan əsilli minlərlə elm və incəsənət adamları Gürcüstanda apardığınız demokratik islahatları diqqətlə izləyir və təqdir edirik. Pozitiv işlər bizi nə qədər sevindirsə də, bəzi şok effektli neqativ tendensiyalardan bir o qədər də məyus oluruq. Gürcüstanda sadə Borçalı türklərinin dolanışıq vəziyyətinin ağırlığını siyasiləşdirmək istəyənləri hər zaman tutarlı arqumentlərlə cavablandıraraq, Gürcüstanın gələcəyinə nikbin əhval ruhiyyə yarada bilmişik. Çünki hədəfimiz iki millət və dövlətin münasibətlərinin daha da dərinləşməsi olmaqla, problemlərin həllində iki xalqın imkanlarından daha səmərəli istifadə olunmasını təmin etməkdir.
Lakin son zaman Qardabani rayonunda (Qardabani, Kosalı, Nəzərli və Vaxtanqisi) torpaq islahatı adı altında yerli əhalinin yeganə dolanışıq yeri olan 1000 hektara yaxın əkin və otlaq təyinatlı torpağın yerli əhalinin icarə müqaviləsi olmasına baxmayaraq, qəfil satılması təəssüf doğurur. Gürcüstan qanunvericiliyinə zidd olaraq qapalı hərrac keçirilmədən həyata keçirilən bu hal yerli əhali arasında ciddi narazılığa səbəb olmuş və bu səbəbdən yüzlərlə insan ümidsizlikdən bizə müraciət etməli olmuşlar. Bu hal zaman-zaman Qardabani rayonunun Ağtəhlə, Qaratəhlə, Qaracalar, Sarticalo-Muğanlı kəndləri də daxil olmaqla Borçalı türklərinin yaşadıqları əksər bölgələrdə baş vermiş, süni şəkildə gərginlik ocaqları yaradılmışdır. Bunlar azmış kimi öz hüquqları uğrunda fəallıq göstərən soydaşlarımız çox təəssüf ki, hüquq mühafizə, təhlükəsizlik orqanları və yerli hakimiyyət orqanları tərəfindən mənəvi psixoloji təzyiqlərə məruz qalmaqdadırlar. Hesab edirəm ki, bu hal dərhal dayandırılmalı və bu işə rəvac verənlər məsuliyyətə cəlb olunmalıdırlar.
Bu cür neqativ hal iki xalq arasında inkişaf etməkdə olan etimad mühitini dağıtmaqla, pozucu ünsürlərin əlinə əlavə fürsətlər vermiş olur ki, bu da regionun maraqlarına ziddir.
Hörmətli, cənab Prezident!
Sizin seçkiqabağı platformanızda həm torpaq islahatlarının yenidən təşkili, həm də əsassız olaraq dəyişdirilmiş türk toponimlərinin əvvəlki adlarının bərpası ana xəttlərdən birini təşkil edirdi. Bu məsələlərlə Sizə və digər müvafiq dövlət orqanlarına dəfələrlə müraciət etməyimizə baxmayaraq, hələlik heç bir orqandan cavab ala bilməmişik.Yenə ümid edirəm ki, Siz baş verən qanunsuzluqlara - on minlərlə insanın pozulan hüquqlarına biganə qalmayacaq, onların hüquqlarının təmin olunması üçün mümkün olanları edəcəksiniz.