“Elnur Baimov, heç vaxt Mətbuat Şurasının üzvü olmayıb. Ona görə də onun şura üzvlüyündən çıxarılması ilə bağlı məlumatlar əsassızdır”.
Bunu Modern.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Tapdıq Abbas deyib.
O bildirib ki, heç vaxt Elnur Baimovun üzvlük məsələsi müzakirə olunmayıb.
“Düzdür, Elnur Baimov, bir vaxtlar çox aktiv gənc olub. Mətbuat Şurasının tədbirlərində də aktiv iştirak edib. Ola bilər ki, məlum hadisələrdən əvvəl Mətbuat Şurasına üzv olmaq istəyi olsun. Amma biz bunu bilmirik. Ümumiyyətlə, Elnur Baimovun üzvlük məsələsi şurada müzakirə olunmayıb.
Türkiyədəki 15 iyul hadisələrindən sonra Elnur Baimov Mətbuat Şurasının tədbirlərində iştirak etməyib. Birmənalı olaraq, buna yol verilməyib. O vaxtdan sonra nə Elnur Baimov bizimlə əlaqə saxlayıb, nə də biz onun haqqında məlumat əldə etməyə çalışmışıq”.
Qeyd edək ki, Elnur Baimov mediada menecer kimi fəaliyyət göstərib. Fəaliyyəti dayandırılan “Gün.az” və “news.az” saytlarının baş redaktoru olub.
Həmçinin, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən sonra Azərbaycanda da Fətullahçı terror təşkilatına (FETÖ) cinayət işi açılıb. Bu qruplaşma ilə əlaqəli olduğu güman edilən bəzi şəxslər isə ölkəni tərk edib. Ölkəni tərk edənlər arasında Elnur Baimov da var.
Namidə BİNGÖL