Modern.az

“Dünya Azərbaycanlıları İttifaqı” Nazim İbrahimovdan kömək istəyir

“Dünya Azərbaycanlıları İttifaqı” Nazim İbrahimovdan kömək istəyir

25 Noyabr 2016, 11:29

Rusiya və Azərbaycan arasındakı dostluq və müttəfiqlik münasibətlərinə baxmayaraq, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Azərbaycan diasporunun ən tanınmış və nüfuzlu ictimai təşkilatlarından birinə - Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı” (‘’DAİ’’) na qarşı hücuma keçib. Belə ki, Rusiya Ədliyyə Nazirliyi görünməmiş operativliklə ‘’DAİ’’ nın fəaliyyətinə xitam verməyə çalışır.

“Çərşənbə günü, 23 noyabr tarixində Rusiya Federasiyasının Ali Məhkəməsi bizə məlumat verib ki, onların icraatında ‘’DAİ’’ nın fəaliyyətinə xitam verilməsinə dair Ədliyyə Nazirliyinin inzibati iddia ərizəsi əsasında başlanmış iş mövcuddur. Rusiyanın Ali Məhkəməsi də öz növbəsində RF Ədliyyə Nazirliyinin müraciətinə operativ münasibət bildirərək ‘’DAİ’’ işi ilə əlaqədar bu ilin 1 dekabr tarixinə məhkəmə iclası təyin edib. Demək lazımdır ki, Rusiyanın dövlət orqanlarının və məhkəmə instansiyalarının fəaliyyətində belə ‘’razılaşdırılmış operativlik’’ çox nadir hadisədir, təbii ki, əgər bunun üçün ‘’müəyyən göstəriş’’ yoxdursa. Axı ‘’DAİ’’ nın ləğv edilməsinə dair inzibati işdən daha vacib olan kifayət qədər iş var ki, onlar baxılmaları üçün aylarla, bəzən illərlə öz növbəsini gözləyir. O zaman sual yaranır: nə üçün ‘’DAİ’’ nin ləğvinə bu qədər tələsirlər?
Həm də, ‘’DAİ’’ nin mövcud olduğu 12 illik tarix göstərir ki, hər dəfə bizim fəaliyyətimizdə aktivlik müşahidə olunan kimi və ‘’DAİ’’ nin adı KİV lərdə tez-tez səslənən kimi təşkilatımızda ‘’diqqətlə’’yoxlamalar başlayır”,-deyə Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı”nın Baş Şurasından Modern.az-a verilən açıqlamada bildirilib.

Açıqlamada deyilir ki, hadisələrin belə cərəyan etməsi təşkilatı ləğv edilməsinə dair Rusiya hakimiyyət dairələrinin planlarını öyrənən həm ‘’DAİ’’ nin üzvləri, həm də Azərbaycan diasporunun nümayəndələri üçün tam gözlənilməz olub.


Açıqlamada daha sonra deyilir:


“Onlar ürəklərində böyük həyəcanla deyirlər ki, "Dünya Azərbaycanlıları İttifaqı” nın ləğv edilməsi Rusiyadakı bütün Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə mənfi təsir göstərəcək. Axı, Azərbaycan diasporunun nümayəndələri tərəfindən yaradılmış digər ictimai təşkilatlarda da belə gözlənilməz ‘’planlı yoxlamalardan’’ sonra xoşagəlməz hallar yaranır və onlar da belə bir hamlet dilemması qarşısında qalırlar - ‘’mövcud olmalı yoxsa olmamalı?’’.

Lakin, Azərbaycan diaspor təşkilatlarının həyatını çətinləşdirən Rusiya hakimiyyət dairələri nədənsə unudurlar ki, həm Azərbaycanda, həm də Rusyada yaşayan demək olar ki, bütün azərbaycanlılar Rusiyanı qardaş, dost və müttəfiq ölkə hesab edirlər. RF nın ərazisində yaşayan və işləyən azərbaycanlılar bu dövlətə vicdanla xidmət edir, Rusiya iqtisadiyyatının inkişafında öz əməklərini, pullarını və biliklərini əsirgəmirlər. Bir çox azərbaycanlı iş adamları Rusiya hökumətinin müxtəlif iqtisadi və sosial layihələrinin həyata keçirilməsində fəal iştirak edir, bununla da neft qiymətlərinin 3 qat azalmasının və Qərbin anti-rusiya sanksiyalarının səbəb olduğu böhran şəraitində Rusiyadakı sosial-iqtisadi mühitin yaxşılaşmasına kömək edirlər”.


İndi ‘’DAİ’’ üçün RF Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış çox ‘’diqqətli’’ planlı yoxlama olduqca qəribə görünür, belə ki, yeni ‘’yoxlama’’ nın bir çox tələbləri həddən artıq sərtdir.

“Bu belə bir fikrə gəlməyə əsas verir ki, Rusiya hakimiyyət dairələri Azərbaycan diasporunun ictimai təşkilatlarına qarşı siyasətlərini sərtləşdiriblər. Bəli, Rusiyada hüquqi şəxslərin planlı yoxlanması hər zaman RF qanunvericilik aktları əsasında aparılıb və aparılmaqdadır. Lakin, bu ilin yanvar-fevral aylarında ‘’DAİ’’ də RF Ədliyyə Nazirliyi tərəfindən aparılan son ‘’planlı yoxlama’’ digərlərindən əsaslı sürətdə fərqlənirdi. O daha miqyaslı və daha sərt idi. Bundan başqa, Ədliyyə Nazirliyinin tələb etdiyi bir çox sənədlər prinsip etibarilə bizim təşkilatda olmalı deyildi. Buna görə də son yoxlamanın reqlamentində nəzərdə tutulmuş RF Ədliyyə Nazirliyinin bir sıra tələblərinin yerinə yetirilməsi hətta mümkün deyildi. Bu o deməkdir ki, ‘’DAİ’’ nin fəaliyyətinə xitam vermək əvvəlcədən qarşılarına məqsəd qoyulmuşdu.

Xüsusilə RF Ədliyyə Nazirliyinin 14 yanvar 2016 cı il tarixli 25 saylı, Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı” nın sənədlərinin planlı yoxlamasının keçirilməsi haqqındakı sərəncamındakı bəndlərdən birində tələb qoyulub ki, ‘’İttifaq tərəfindən alınan və partiyalara, onların regional bölmələrinə, həmçinin seçki fondlarına, referendum fonduna göndərilən ianələr barədə məlumat’’ verilsin. Əgər bizim təşkilatımızın Əsasnaməsində heç bir siyasi fəaliyyətdən söhbət getmirsə, biz belə bir məlumatı necə verə bilərdik? Axı bizim təşkilatımız ictimai təşkilatdır və siyasi fəaliyyətlə məşğul deyil.

Yoxlama haqqındakı həmin sərəncamın bir çox digər bəndləri də xeyli suallar doğurur, məsələn, ‘’DAİ’’ dən ‘’onun pul vəsaitlərinin və digər əmlakının formalaşdığı mənbələr, həmçinin xarici mənbələr’’ barədə məlumat istənilir. Bizim təşkilat heç vaxt Rusiya rezidenti olmayan şəxslərdən maddi yardım almayıb və ‘’DAİ’’ ni heç bir şəkildə ‘’xarici agent’’ hesab etmək olmaz. Təşkilatımız öz fəaliyyətini ciddi olaraq elə həmin Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş Əsasnaməsində nəzərdə tutulan məqsəd və vəzifələrə uyğun olaraq həyata keçirir. Biz öz fəaliyyətimizdə rusiya qanunvericiliyində müəyyən edilmiş hüquqi normalara ciddi əməl edirik.

Bununla yanaşı, son yoxlamaların yekunlarına dair RF Ədliyyə Nazirliyinin xəbərdarlığında xeyli sayda çox sərt ifadələr işlənmişdi. Xüsusilə, bizi ‘’RF qanunvericiliyini və öz Əsanaməmizin müddəalarını kobud surətdə pozmaqda’’ ittiham edirdilər. Ədliyyə Nazirliyinin hüquqşünaslarının ‘’kobud’’ hesab etdikləri pozuntuların məğzi ondadır ki, İttifaqın adında onun fəaliyyətinin xarakteri göstərilməyib, İttifaqın Əsasnaməsində isə sadalanan fəaliyyət növləri arasında yazılıb ki, o qanunvericiliklə qadağan edilməyən digər fəaliyyət növləri ilə də məşğul ola bilər, eyni zamanda Əsasnamədə həddən artıq məqsəd və vəzifələr müəyyən edilib. Halbuki, Rusiya dövlət orqanlarında qeydiyat zamanı ictimai təşkilatların və digər qurumların əsasnamələrində bu qədər həcmdə fəaliyyət növlərinin, məqsəd və vəzifələrin yazılması adi haldır. Bundan başqa, RF Ədliyyə Nazirliyində ‘’DAİ’’ nin Əsasnaməsini sərt tənqid edərək, həm də bildirdilər ki, burada İttifaqın rəmzləri təsvir edilməyib.

Amma, ‘’DAİ’’ nin Əsasnaməsindəki bütün bu çatışmazlıqlar onunla bağlıdır ki, həmin əsasnaməni 11 il əvvəl elə həmin Ədliyyə Nazirliyi qəbul edib. Lakin, ötən müddət ərzində ictimai təşkilatların fəaliyyətini tənzimləyən rusiya qanunvericiliyi mütəmadi olaraq dəyişib və biz bu dəyişikliklərə heç də həmişə vaxtında çatdırıb reaksiya verə bilməmişik. Son yoxlamadan sonra biz ‘’DAİ’’ nin Rusiya qanunvericiliyindəki bütün yenilikləri nəzərə alan və bütün müasir tələblərə cavab verən Əsasnaməsini RF Ədliyyə Nazirliyinə təqdim etmişik. Buna baxmayaraq Ədliyyə Nazirliyində Əsasnaməmizin yeni redaksiyasına heç ümumiyyətlə baxmayıblar.

Bizim təşkilatımız onda ittiham edilir ki, 2013-2014 cü illərdə İttifaqın idarəetmə orqanlarının əməkdaşlarına əmək haqqı hesablanmayıb və ödənilməyib, İttifaqın faktiki ştat cədvəli isə ‘’DAİ’’ nin Əsasnaməsində sadalanan vəzifələrə uyğun gəlmir. Amma nə üçünsə Ədliyyə Nazirliyində unudurlar ki, bizim təşkilatımız ictimai təşkilatdır və kommersiya fəaliyyəti ilə məşğul olmur, deməli özünün daimi gəliri də yoxdur. İstənilən ictimai qeyri-kommersiya təşkilatı sponsorluq vəsaitləri, dövlət subsidiyaları və ya ianələr hesabına yaşayır. Lakin, son üç ildə Rusiyadakı güclü iqtisadi böhrana görə təşkilatımıza maliyyə vəsaitlərinin daxil olması kəskin azalıb, çünki, rus rublunun kəskin devalvasiyasından sonra sponsorlarımızın maliyyə vəziyyəti pisləşib.

Bu gün maliyyə-iqtisadi böhran şəraitində xeyli sayda kommersiya təşkilatı müflisləşir, hətta Rusiya dövlət büdcəsində böyük problemlər yaranıb, Moskvanın şəhər büdcəsi isə böyük kəsirlə qəbul edilir və yerinə yetirilir. Bizim ictimai təşkilat da iqtisadi böhranın tüğyan etdiyi və maliyyə aclığının hiss olunduğu ölkədə və şəhərdə stabil və uğurlu fəaliyyət göstərə bilməz. Mövcud böhran bizi də fəaliyyətimizi azaltmağa və real şəraitə uyğun davranmağa məcbur edib. Bununla əlaqədar olaraq biz faktiki olaraq öz əməkdaşlarımıza stabil əmək haqqı ödəmək imkanından məhrum olmuşuq. Eyni zamanda ictimai təşkilatlarda iş çox vaxt ictimai əsaslarla və heç bir ödəniş etmədən, yəni ideologiyaya əsasən aparılır. Ona görə də ictimai təşkilatlarda əmək haqqının ödənilməməsini kommersiya təşkilatlarında və ya dövlət strukturunda əmək haqlarının ödənilməməsi ilə müqayisə etmək kökündən yanlışdır.

Bundan əlavə bizi elə şeylərdə ittiham edirlər ki, bunlar sadəcə acı gülüş doğura bilər. Məsələn, bizi təqsirləndirirlər ki, biz uşaqlar üçün yeni il şənliklərinin və milli bayramların keçirildiyini təsdiq edən sənədləri təqdim etməmişik.

Halbuki, ‘’DAİ’’ nin fəaliyyəti barədə bütün zəruri hesabatlar tərəfimizdən tam həcmdə və vaxtında müvafiq Rusiya dövlət orqanlarına verilib.

Lakin, bu ilin aprel ayının 1 də təşkilatımızın prezidenti Firudin Məmmədovun ölümündən sonra "Dünya Azərbaycanlıları İttifaqı” nın yeni problemləri ortaya çıxdı. Bununla əlaqədar olaraq ‘’DAİ’’ nin növbədənkənar qurultayını keçirdik və Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı” na yeni Prezident seçildi. ‘’DAİ’’ nin yeni Prezidenti tanınmış rusiyalı iş adamı, ictimai xadim və azərbaycan əsilli xeyriyyəçi Fizuli Məmməd oğlu Məmmədov oldu. Qurultaydan sonra ‘’DAİ’’ nin yeni sənədlərini RF Ədliyyə Nazirliyinə təqdim etdikdə isə həmin idarədən təşkilatımıza yeni iradlar bildirildi.

Biz təşkilatımızın Əsasnaməsini yenidən dəyişdirdik və onu tamamilə RF Ədliyyə Nazirliyinin yeni tələblərinə uyğunlaşdırdıq. Buna baxmayaraq Ədliyyə Nazirliyinin cavab reaksiyası bizim üçün gözlənilməz, hətta şokedici oldu. RF Ədliyyə Nazirliyi yoxlama sənədlərini "Dünya Azərbaycanlıları İttifaqı” nın fəaliyyətinə xitam verilməsi məqsədilə Rusiya Ali Məhkəməsinə göndərdi.

Açıq desək, Rusiya Ədliyyə Nazirliyinin bu davranışı bizi çox təəccübləndirdi. Çünki, ‘’DAİ’’ 11 il əvvəl elə həmin Ədliyyə Nazirliyində qeydiyatdan keçib və ötən zaman ərzində təşkilatımızı demək olar ki, hər il bütün səlahiyyətli dövlət orqanları, o cümlədən Ədliyyə Nazirliyi yoxlamış və "Dünya Azərbaycanlıları İttifaqı” nın fəaliyyətinə dair onların heç birinin ciddi iradları olmamışdır. Rusiyanın bütün səlahiyyətli orqanları müəyyən etmişlər ki, ‘’DAİ’’ mütəmadi olaraq maliyyə uçotunu aparıb, aylıq və rüblük olaraq bütün zəruri hesabatları vergi müfəttişliyinə təqdim edib. Onda niyə RF Ədliyyə Nazirliyi ‘’DAİ’’ nin ləğv olunmasını tələb edir?

Əgər rusiya hakim dairələri Rusiyada fəaliyyət göstərən ictimai diaspor təşkilatları üçün oyun qaydalarını dəyişməyə qərar veriblərsə, bəs niyə bu zaman ayrı-seçkilik edirlər? Nə üçün Rusiya hakim dairələrində yalnız "Dünya Azərbaycanlıları İttifaqı” nın faəliyyətinə xitam vermək istəyirlər, digər milli diasporların ictimai təşkilatları isə, o cümlədən ‘’Rusiya erməniləri İttifaqı’’, ‘’Rusiya Yəhudi Konqresi’’və digərləri rahatlıqla fəaliyyətdədirlər?”.

Xatırladırıq ki, Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı” 09 mart 2005 ci ildə Fizuli Məmməd oğlu Məmmədov tərəfindən bir sıra digər regional ictimai təşkilatlarla və diasporla birgə təsis edilib. Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı” hüquqi şəxs - ictimai təşkilatların beynəlxalq ittifaqıdır. Eyni zamanda ‘’DAİ’’ Rusiyadakı azərbaycan diasporunun yeganə ictimai təşkilatıdır ki, beynəlxalq statusa malikdir.

“Bununla əlaqədar olaraq Azərbaycanın hakim dairələrinə, o cümlədən Azərbaycan Diasporla iş üzrə Dövlət Komitəsinə və şəxsən onun rəhbəri Nazim İbrahimova müraciət edirik ki, Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı” nın saxlanılmasında bizə kömək etsinlər və imkan verməsinlər ki, Azərbaycan xalqının bədxahları azərbaycan diasporunun hisslərini və maraqlarını ələ salsınlar.

Hal-hazırda Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı” nın iştirakçıları ”Ümumdünya Azərbaycan Mədəniyyət Fondu" Beynəlxalq İctimai Fondu (Moskva ş.), ‘’NUR - Azərbaycanlıların milli-mədəniyyət mərkəzi’’ Regional ictimai təşkilatı (Moskva vilayəti, Krasnoqorsk ş.) ‘’Polşa-Azərbaycan mədəniyyət cəmiyyəti’’(Qdansk ş, Polşa), ”Ümumdünya Azərbaycan Mədəniyyət Fondu" Regional vətəndaş fondunun Ukrayna bölməsi (Kiyev ş, Ukrayna), ‘’Azərbaycan mədəniyyət mərkəzi - Bulaq’’ Ryazan regional ictimai təşkilatı (Ryazan ş.), ‘’Əlil Döyüşçülərin Beynəlxalq Fondu’’ (Azərbaycan) və digər təşkilatlardır.

İttifaq ‘’DAİ’’ üzvlərinin olduğu və ya filial və nümayəndəliklərinin açıldığı bütün ölkələrin ərazisində fəaliyyət göstərir. Xüsusilə hal-hazırda ‘’DAİ’’ Rusiyada, Türkiyədə və çoxsaylı Azərbaycan diasporunun olduğu bir sıra Avropa və MDB ölkələrində öz nümayəndəliklərini açıb. Təşkilatımız Azərbaycan hüdudlarından kənarda yaşayan və işləyən həmvətənlərimizin həyat səviyyəsinin yaxşılaşdırılmasına öz töhvələrini verməyə çalışır. ‘’DAİ’’ bütün azərbaycanlılara onların yaşadıqları ölkələrdə qüvvədə olan qanunlar çərçivəsində maksimum maddi, mənəvi, hüquqi və digər yardımlar göstərməyə cəhd edir.

Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı” özünün uzunmüddətli proqramında bütün dünyadakı azərbaycan diasporlarını bir ‘’qanad’’ altında birləşdirməyi qarşısına məqsəd qoyub. Lakin, çox təəssüf ki, bu gün RF Ədliyyə Nazirliyi "Dünya Azərbaycanlıları İttifaqı” nın öz qanadlarını kəsməyə çalışır”,-deyə qurumun Modern.az-a göndərdiyi açıqlamada vurğulanıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI