Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Modern.az-ın xəbərinə görə, komitə sədri Fuad Muradov deyib ki, bu qanun layihəsinin qəbulu ilə müsbətə doğru dəyişikliklər olacaq.
Deputat bildirib ki, qanun layihəsində Milli Antidopinq Agentliyinin tövsiyəsi ilə müstəqil komitələrin yaradılması nəzərdə tutulub:
“Bunlar Terapevtik İstifadəyə İcazə Komitəsi, İntizam Komitəsi, Apellyasiya Komitəsidir. Bunların fəaliyyətləri müstəqil olacaq. Terapevtik İstifadəyə İcazə komitəsi bu sahədə nəzərdə tutulmuş beynəlxalq standartlara uyğun olaraq, terapevtik istifadə üçün müraciəti qiymətləndirir və yekun qərar qəbul edir. Bu qərar MADA-nın yekun qərarı hesab olunur. İntizam Komitəsi isə antidopinq qayda pozuntunlarına görə tətbiq edilən sanksiyaları müəyyənləşdirmək səlahiyyətinə malikdir”.
Komitə sədri söyləyib ki, agentliyin tərkibində Müşahidə Şurasının yaradılması da nəzərdə tutulub:
“Müşahidə Şurası Milli Məclisin, Milli Olimpiya Komitəsinin, Milli Paralimpiya Komitəsinin, müvafiq icra hakimiyyət orqanlarının və məhkəmə hakimiyyətinin nümayəndələrindən ibarət olacaq”.
Komitə üzvü Rauf Əliyev qanunun qəbul edilməsinin vacibliyinə toxunub: “ Çünki Beynəlxalq Antidopinq Agentliyi bu qanunun qəbulunu Azərbaycandan gözləyir. Bu agentlik indi elə məsələlərə əl atır ki. Görürsünüz , 2008- ci ildə Pekin Olimpiadasında medal qazanmış idmançımız Vitali Rəhimovu yoxlayır. Baxmayaraq ki, məsələnin üstündən 8 il keçib”.
Qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Ağa Akifoğlu